Bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığın artırılması, ətraf mühitə yanaşmanın Azərbaycan milli mədəni kimliyində tutduğu yerin müxtəlif baxış bucaqlarından təhlil edilməsi məqsədilə Medianın İnkişafı Agentliyi və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə keçirdiyi “COP29 silsilə mühazirələri” davam edir.
Futbolpress.az xəbər verir ki, layihənin budəfəki qonağı filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanı türk insanının təbiətlə qurduğu münasibətlər barədə nələri açıqlayır?” mövzusunda çıxış etmişdir.
Mühazirə zamanı Kamal Abdulla vurğulayıb ki, qədim epos sayılan “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən qəhrəmanların təbiətlə vəhdət halında, onun rənglərini öz həyatlarına yansıdaraq yaşadıqları aydın şəkildə görünür və bu hal Azərbaycan xalqının nəinki müasir, hətta qədim dövrdə belə ətraf mühitin qorunmasına həssas və məsuliyyətlə yanaşdığının bariz nümunəsidir. Dastanda əksini tapan rəng və çalarların simfoniyası insanın təbiətlə harmonik şəkildə yaşadığını simvolizə edir. Professor qədim ozan hesab edilən Dədə Qorqudun alqış və arzularda istifadə etdiyi ifadələrdə təbiətin insan üçün əhəmiyyətinə diqqət çəkdiyini, bununla da bütün canlılar, o cümlədən su, hava və ağac arasında olan qırılmaz bağın göstərildiyini bildirib.
Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter daşıyır.