Çempionlar Liqasında bu mövsümdən yeni format tətbiq ediləcək.
Futbolpress.az xəbər verir ki, İsveçrə sistemi əsasında tətbiq ediləcək formanın püşkü sabah atılacaq.
Yeni formatda ilk oyunlar 17-19 sentyabrda olacaq və 2025-ci ilin yanvarın 29-dək davam edəcək. Liqa mərhələsini ilk 8 sırada bitirən komandalar birbaşa 1/8 finala yüksələcək.
Xal cədvəli əsasında yarışacaq komandalardan 9-24-cü pillələri tutanlar isə 1/8 final üçün pley-off oynayacaq. 24-cü sıradan aşağıda olanlar isə avrokuboklarla vidalaşacaq.
Ümumilikdə 36 komandanın yer alacağı formatda iştirakı dəqiqləşən 32 klub bunlardır:
1. “Atalanta”, “Bolonya”, “İnter”, “Yuventus”, “Milan” – İtaliya
2. “Borussiya” (Dortmund), “Bavariya”, “Leypsiq”, “Bayer”, “Ştutqart” – Almaniya
3. “Arsenal”, “Aston Villa”, “Liverpul”, “Mançester Siti” – İngiltərə
4. “Atletiko”, “Barselona”, “Jirona”, “Real” – İspaniya
5. “Brest”, “Monako”, PSJ – Fransa
6. “Benfika”, “Sportinq” – Portuqaliya
7. “Feyenoord”, PSV – Niderland
8. “Zalsburq”, “Şturm” – Avstriya
9. “Seltik” – Şotlandiya
10. “Brügge” (Belçika)
11. “Şaxtyor” (Ukrayna)
12. “Sparta” (Praqa, Çexiya)
13. “Yanq Boyz” – İsveçrə.
Daha 4 komandanın adına isə bugünkü pley-off oyunlarından sonra aydınlıq gələcək. Təmsilçimiz “Qarabağ” Xorvatiyanın “Dinamo” komandasını mübarizədən kənarlaşdırsa, adını əsas mərhələyə yazdıracaq.
Püşkatmada 4 səbət olacaq və hər səbətdə 9 komanda yer alacaq. 36 komandanın iştirak edəcəyi püşkatmada komandalara hər səbətdən 2 rəqib çıxacaq. Hər klub yeni formatda 8 oyun keçirəcək – 4 ev, 4 səfər. Yekunda xal sıralaması əsasında 1/8 finala yüksələnlər, pley-off oynayacaqlar və turnirlə vidalaşacaqlar aməlum olacaq.