Ceyhun Sultanov: “Belə təklifdən yan keçmək Juninyo üçün ağılsızlıq olar”

Son günlər “Qarabağ”ın futbolçusu Olavio Juninyonun “Sevilya”ya keçidiylə bağlı xəbərlər artmaqdadır.

İspaniya mətbuatına inansaq, bu keçidin artıq baş tutduğunu, “Sevilya”nın da transfer üçün “Qarabağ”a 4 milyon avro ödədiyini deyə bilərik. Ancaq rəsmi olaraq heç bir klub keçidlə bağlı rəsmi açıqlama vermədiyinə görə müəyyən səbəblərdən dolayı bu proses hələ yubanır.

“Top Sport Managemenet”in rəhbəri Ceyhun Sultanov “Futbolpress”ə açıqlama verərək, hazırki duruma münasibətini bildirdi:

“Hər futbolçuya “Top-5” liqalarından təklif gəlmir. Xüsusən də İspaniya La Liqasında oynamaq, hər kəsə nəsib olmur. Juninyonun “Sevilya”ya getməsi, onun üçün müsbət məqamdır. Əgər Olavio İspaniyaya getsə, oradakı oyunu alınmasa belə, icarə əsasında başqa bir kluba keçid edə bilər. Fikrimcə, belə təklifdən “vazgeçmək” futbolçu üçün ağılsızlıq olar. Çünki onun La Liqada oynamaq potensialı var”.

Azərbaycan milli komandasının sabiq futbolçusu bu transferdən hər iki tərəfin qazanacağını dedi:

“Düşünürəm ki, bu transferdən hər iki tərəf qazanacaq – həm “Qarabağ”, həm də Juninyo. Çünki həmin məbləğə daha yaxşı oyunçular tapmaq olar. Düşünün ki, Juninyo bu keçiddən imtina edir və növbəti mövsüm oyunu alınmayanda peşman olacaq. Məncə, “Sevilya”ya keçid daha məqsədəuyğundur”.

Mirkamal Kazım