Azərbaycan I Liqasında mövsüm başa çatdı. “Şamaxı”nın çempion olduğu turnirdə “Qaradağ Lökbatan” ikinci, MOİK isə üçüncü oldu. Çempionluğa iddialı “İmişli”nin son turlarda büdrəməsi komandanın mövsümü dördüncü pillədə bitirməsinə səbəb oldu. İlk “5-lik”də isə “Karvan” qərarlaşdı.
Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov “FutbolPress”ə açıqlamasında mövsüm ərzindəki çıxışlarına qiymət verdi:
“Düşünürəm ki, ilk il üçün komandamın çıxışı qənaətbəxşdir. Bilirsiniz ki, Yevlaxda uzun müddət futbol olmayıb. Biz də çalışdıq ki, bölgəmizi layiqincə təmsil edək. Çətinliklərimiz oldu, lakin bacardığımız qədər bunların öhdəsindən gələ bildik. Zaman-zaman çempionluq üçün də şanslarımız oldu. Amma müəyyən səhvlər və təcrübəsizlik bunlara mane oldu. Ümumilikdə isə qeyd etdiyim kimi, ilk il üçün çıxışımız normaldır”.
Mütəxəssis il ərzində oyunçu sarıdan problem yaşadıqlarını dilə gətirdi:
“Daha çox oyunçu sarıdan əziyyət çəkirdik. Elə oyunlar oldu ki, ehtiyat heyətimizdə futbolçu az idi. Bir növ oyunçu qıtlığı yaşayırdıq. Həmçinin zədə səbəbindən əsas heyətin 4-5 oyunçusundan istifadə edə bilmədik. Bu da oyunlarımıza öz təsirini göstərdi. Mövsümün gedişində hakimliklə də bağlı kiçik problemlər oldu. Müəyyən səhvlər nəticəyə də təsir etdi. Bu problem tək bizdə deyildi. Digər klublarımız da eyni halla üzləşirdilər”.
Müsahibim növbəti il üçün hədəflərinin hələ müəyyənləşmədiyini qeyd etdi:
“Komandanın növbəti il üçün hədəfləri tam müəyyənləşməyib. Qarşıdakı günlərdə klub prezidenti ilə görüşəcəyik. Bundan sonra qərar veriləcək. Komandada qalacağım təqdirdə çalışacağıq ki, daha inamlı, mübariz komanda formalaşdıraq. Çempionluğa oynayan heyət qurmaq istəyirik”.
Məlik Məlikov