“Qarabağ” Çempionlar Liqası ilə vidalaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsində Xorvatiyanın “Dinamo” komandası ilə duellərdən məğlub ayrılıb – 0:3, 0:2.
Əslində turnirə vida Xorvatiyada olmuşdu. Təcrübəli rəqibinə böyük hesabla uduzan “Qarabağ”ın reallığa nəzərən “Dinamo”nu keçməsi çətin görünürdü. Baxmayaraq ki, başda Qurbanov olmaqla, futbol ictimaiyyəti və azarkeşlər geridönüşə təmiz qəlblə inanırdı. Lakin acı da olsa, həqiqəti qəbul etmək lazımdır.
Bakıdakı cavab oyunu “Qarabağ”ın hələ Çempionlar Liqası üçün hazır olmadığını göstərdi. Dişli rəqibi qarşısında müdafiəni yarmaqda çətinlik çəkən “Qarabağ” yaratdığı qol fürsətlərini də dəyərləndirə bilmirdi. Komandanın əsas qol ümidi Olaviyo Juninyo demək olar, performansından aşağı oyun sərgilədi. İrəlidə top saxlamaqda çətinlik çəkən forvard heç qapıya dəqiq zərbə ilə də yadda qalmadı. Tək Juninyo deyil, komanda olaraq “Dinamo” ilə bacarmaq alınmadı. Əksinə zaqreblilər daha təhlükəli və effektiv hücumlar qura bilirdi. İrəli xətt oyunçularının fərdi ustalığı ön plana çıxırdı. Vurulan qollar da oyunçuların fərdi reydi və uzaqdan vurulan baxımlı zərbədən oldu.
“Qarabağ” yoluna Avropa Liqasında davam edəcək. Komandanın liqa mərhələsindəki rəqibi püşkatmadan sonra bəlli olacaq. Hər bir halda, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı oyun və nəticələrlə yadda qaldı. Daha irəli gedə bilmək üçün isə yaxşı hazırlığa ehtiyac var.
Şahin Cəfərov