Çempionla müsahibə: “Azərbaycanda bu adı qazanan birinci atletəm”

Azərbaycan idmançısı Elnur Allahyarlı İspaniyada keçirilən bodibildinq üzrə Dünya Kubokunun qalibi olub. O, Santa Susanna şəhərində baş tutan yarışda bir gündə üç qızıl medal qazanıb. Elnur Allahyarlı Azərbaycanda “Pro Kart” adını qazanan ilk iki idmançıdan biridir. Digəri isə onun komanda yoldaşı Samir Məmmədlidir.

Elnur Allahyarlı ilə çempionluğu, bu sahəyə gəlişi və hazırkı durumla bağlı söhbətləşdik:

– 27 oktyabrda 95 kq-da Respublika çempionu oldum. 31 oktyabrda milli komanda ilə birlikdə İspaniyanın Santa Susanna şəhərində keçirilən dünya kubokuna yollandım. Burda bir gündə 3 kateqoriyada yarışdım və hər birində qalib oldum. Əvvəlcə 95 kq-də qızıl medal qazandım. Bundan sonra çempionlar yarışında və pro kart, yəni peşəkar yarışlarda iştirak etdim və qalib oldum. Azərbaycanda 3 dəfə Respublika çempionatlarında iştirak etmişəm. Dünya Kubokunda isə ilk dəfə idi iştirak edirdim.

– Bu sahəyə gəlişiniz necə alındı?
– 2011-ci ildən bu sahədəyəm. 2013-cü ildən isə məşqçi kimi çalışıram. Yarışlara qatılmağım isə 2023-cü ildən başlayır. Bu sahəyə marağım necə yaranıb? Uşaq vaxtından həvəsim var idi. Arnold Şvartseneggerin kinolarına baxırdım və bundan xüsusi maraq yarandı. O, hər bir idmançı üçün örnəkdir. 7 dəfə “Mister Olimpiya” olub, daha sonra dövlət qurumunda işləyib – Kaliforniyada qubernator. Onun keçdiyi yol hər zaman örnək olub.

– Futbolda “Qızıl top”, dünya çempionluğu bir oyunçu üçün yüksək zirvədir. Bəs, bodibildinqin yüksək zirvəsi nədir?
– Bodibildinqdə də dünya çempionluğu demək olar, yüksək zirvədir. Dünya Kubokunda hər ölkədən atletlər var idi və şükürlər olsun, nailiyyətimiz oldu. Bir gün ərzində üç yarışda, özü də ardıcıl iştirak etdim. Pro Kart adını qazandım. Azərbaycanda bu adı qazanan birinci atletəm. İspaniyada mən və Samir Məmmədli bunu qazandıq. Bu, o deməkdir ki, mənə Pro atlet adı verildi. Gənclər və idman nazirliyinin saydığı ən yüksək status budur.

– Bundan sonrakı hədəf nədir?
– İnşallah, Pro yarışlarda da iştirak edib, ölkəmizin bayrağını yüksəklərdə dalğalandırmaq. Hədəfim adımı Azərbaycan tarixinə yazmaq, bu idman növününü ölkəmizdə də inkişafda olduğunu göstərməkdir.

– Hazırda bodibildinqin durumu necədir?
– Azərbaycanda bodibildinq əvvəlki illərə nisbətən inkişafdadır. Əhali, gənc nəsil arasında getdikcə maraq artıb. Artıq idman zallarında həm qadınlar, həm kişilər çoxluq təşkil edir. Bu idmana maraq daha artır. Günü-gündən müasir standartlara cavab verən idman zallarının da sayının artması yaxşıdır.

– Zalların, idmançıların sayı artır, amma bodibildinq cüdo, futbol, güləş, hətta voleybol səviyyəsinə çata bilmir… Bunu nə ilə əlaqələndirirsiniz?
– Digər idmanlarla müqayisədə bu növ Olimpiya üçün deyil deyə, güclü diqqət yetirilmir. Belə deyim, mən və Samir İspaniyada “Pro Kart” adını qazandım. Bu uğuru cüdoda, ya güləşdə qazansaydılar, bütün hamının diqqəti onda olar, ondan danışardılar. Amma bodibildinq o qədər tanınmır. İdmançıların çox gəlir yeri yoxdur, onlara dəstək digər növlərdəki kimi olsaydı, çox yaxşı olardı, biz də həvəslə çalışıb, addımlar atardıq.

– Fitness zallarının sayı çoxdur və demək olar, hər zalda kifayət qədər çalışan olur. Bəs nə üçün peşəkar məşğul olanların sayı azdır?
– Peşəkarların sayı nə üçün azdır? Çünki müəyyən səviyyəyə çatdıqdan sonra dəstək lazımdır. Hər yarışa hazırlaşmaq 10-15 min manat vəsait tələb edir. Üstəlik, bunun səfəri, vizası, bilet pulu, qidalanma, otel pulu və s. Buna görə peşəkarların sayı barmaq sayılacaq qədərdir. Digər idman növləri ilə müqayisədə bodibildinqə çox pul və diqqət ayrılmır. Əsas səbəb isə Olimpiya növü olmamasıdır. Amma bodibildinq ən vacib idman növüdür. Bütün sahələr bundan istifadə edir. Futbolçusu, güləşçisi, cüdoçusu da fitnesslə məşğul olur. Dünyada bodibildinq inkişaf edir. Bizdə də çox diqqət ayrılsa, yaxşı olar. Çünki gənc nəslin marağı böyükdür.

– Bu növlə məşğul olan gənclərə məsləhətləriniz nələrdir?
– Bodibildinqlə məşğul olan gənclərə məsləhətim odur ki, tez nəticəyə qaçmasınlar. Demək olar, hamısı istəyir ki, müəyyən vasitələrdən istifadə edib, tez nəticə əldə etsinlər. Sürətləndirici vasitələr onlarçün yaxşı deyil. Çünki qısa zamanda nəticə verən şeyin mənfi cəhətləri də olacaq. Buna görə çalışıram ki, daim yol uzun və keyfiyyətli olsun, sağlamlığa zərər vurmasın.

Şahin Cəfərov