Azərbaycan Premyer Liqasının XXXIII turunun “Səbail” – “Qəbələ” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Maraqlı oyun oldu, 5 qol vuruldu. Çempionatın maraqlı keçməsi üçün belə oyunlar lazımdır. Bu gün gənclər şans qazandı, özlərin göstərdilər. Onlara görə sevinirəm. Qələbəni yaşamaları onlar üçün yaxşıdır. Daha çoxunu bacara bilərik. Qarşıdakı oyunlarda da əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
– İndiyə qədər qələbə qazanmaq nə üçün alınmırdı? Nə dəyişdi?
– Bilmirəm, əvvəlki oyunlarda daha çox epizod yarada bilirdik, amma dəyərləndirə bilmirdik. Bəzi matçlarda qapıçılar bizimlə oyunlarda seyvlər edirdilər. “Neftçi” qapımıza bir zərbə ilə qol vurmuşdu, ancaq biz 3 zərbə endirsək də, fərqlənə bilməmişdik. Oyunlara fiziki və mental hazırlaşmaq lazım idi. Bəlkə, oyunçularda soyuqqanlılıq yox idi deyə, alınmır. Bu gün 4-cü qolu da vura bilərdik, amma yenə soyuqqanlı ola bilmədik.
– Azərbaycan çempionatında hakimliyin və futbolun səviyyəsi necə dəyişib?
– Hakimlik haqda danışmaq istəmirəm. Bəzən emosional oluram. Çempionata gəlincə, “Qarabağ” başqa səviyyədədir. Digər komandalar isə bir-birilə ilə mübarizə apara bilir. Azarkeşlər stadiona gəlsə, çempionatın da səviyyəsi artar. Hər cür şərait var. Gözəl ölkə, gözəl stadionlar… Əvvəlki dönəmlərə baxsaq, “İnter Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ” avrokuboklara oynayırdı. O vaxt adlar daha yaxşı idi, bu da maddi vəziyyətlə bağlıdır. İndi yenə çempionatın o səviyyəyə çatacağına inanıram.
– Komandanın sonuncu olacağı dəqiqləşib. Oyunçuların daha rahat meydana çıxdıqlarını və bununçün qələbə qazandıqlarını demək olar?
– Dəqiq demək çətindir, bəlkə də, təsiri oldu. Əvvəlki oyunlara nisbətən az epizod yaratdıq, ancaq çox qol vurduq. Gənclər üçün meydana çıxmaq stressdir. Bəlkə də, rahatlığın komandaya təsiri oldu. Bizimçün əsas olan stressi azaltmaq idi. Uşaqlar buna daha yaxşı cavab verə bilərlər.
Şahin Cəfərov