Parisdə keçirilən Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, çempion hisslərini belə ifadə edib:
“Özümlə qürur duyuram, çox sevincliyəm. Azərbaycanın Paralimpiya çempionu olan ilk parataekvondoçusu oldum. Parisə dünya reytinqinin lideri kimi gəlmişdim. Demək olar ki, son yarışlarımın hamısını qalib kimi başa vurmuşdum. Son dünya və ikiqat Avropa çempionu idim. Paralimpiya çempionluğu da qismət oldu.
Xalqımıza təşəkkür etmək istəyirəm. Döyüşlər arası fasilədə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə motivasiya verirdi, sizin inamınızı hiss edirdim.
Yarımfinalda özbəkistanlı idmançıya qarşı ağır döyüşüm oldu. Sonuncu dəfə onu dünya çempionatının finalında məğlub etmişdim. Burada yenidən qələbə qazanmağı bacardım. Finalda qardaş Türkiyə idmançısı ilə qarşılaşdım. Qardaşlıq qalib gəldi.
Bu yolda mənə əməyi keçən Gənclər və İdman Nazirliyinə, Azərbaycan Taekvondo Federasiya, Milli Paralimpiya Komitəsinə və klubum “Neftçi” İK-ya təşəkkür etmək istəyirəm.
Ən böyük təşəkkür cənab Prezidentimiz İlham Əliyevə və birinci vitse-prezidentimiz Mehriban Əliyevaya düşür. İdmanımıza göstərdiyiniz qayğı nəticəsində bu gün Parisdə himnimizi səsləndirib bayrağımızı dalğalandırdıq”.