Çempion bilindi, gümüş medal mübarizəsi davam edir

Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub. "Qarabağ"ın çempionluğunu elan etdiyi turda "Neftçi" ikinci, "Zirə" üçüncü sıraya yüksəlib. "Sabah" isə dördüncü pilləyə geriləyib.

Qəbələ – Neftçi 0:1

Turun açılış oyununda autsayder "Qəbələ" azarkeşləri önündə "Neftçi"nin müqavimətini qıra bilmədi. "Ağ-qaralar"a qarşı üstün oyun sərgiləyən "qırmızı-qaralar" qol vura bilmədi və meydanı xalsız tərk etdi. Turnir cədvəlinin sonundu sırasında qərarlaşan Kaxaber Sxadadzenin yetirmələri bu gedişlə elita ilə vidalaşmalı olacaq. Gürcüstanlı mütəxəssisin gəlişindən sonra 5 oyunun 4-də məğlub olan "Qəbələ"nin 9-cu "Kəpəz"lə xal fərqi 11-dir. Qarşıda 8 tur var və bu fərqin aradan qaldırılması çətin görünür.

"Neftçi" isə güc-bəla ilə üç xal qazandı. Oyun ərzində bir-iki real qol şansı yaxalayan paytaxt təmsilçisi qələbə sayəsində ikinci sıraya yüksəldi. Gümüş medalları hədəfləyən "ağ-qaralar"da baş məşqçi Miodraq Bojoviç nəticəyə oynayır və sərgilənən oyunun onun üçün ciddi önəm kəsb etmədiyi hiss olunur. Gəlişindən sonra komandanın oyununa ciddi təsir göstərə bilməyən Bojoviç gümüş medalı qazanıb, növbəti mövsümdə də komandada qalmağı sığortalamaq istəyir.

Kəpəz – Qarabağ 1:6

Lider "Qarabağ" qonaq komanda qismində meydana çıxdığı matçda böyük hesablı qələbə qazanaraq, sona 8 tur qalmış çempionluğunu elan etdi. "Atlılar" "Kəpəz" qarşısında demək olar, çətinlik çəkmədi. Xüsusilə, ikinci hissədə hər hücumunu qolla tamamlayan Qurban Qurbanovun yetirmələri artıq qızıl medalları təmin edib. Bundan sonra diqqət ölkə kubokunda olacaq. Yarımfinalda "Neftçi" ilə üzləşəcək "atlılar" mövsümü iki titulla bitirməyi hədəfləyir.

"Kəpəz" isə məğlub olsa da, "Qəbələ" ilə xal fərqi azalmadı. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv autsayderi 11 xal qabaqlayır və bunun oyunçularda rahatlığa səbəb olduğu hiss edilir . Güclü "Qarabağ" qarşısında demək olar, gözləniləndən daha aşağı çıxış edən gəncəlilər ehtiyatı əldən verməməlidir.

Səbail – Turan Tovuz 1:1

Bayılda baş tutan görüş qonşuların "sülh"ü ilə yekunlaşdı. İlk hissədə hərəyə bir dəfə fərqlənən komandalar fasilədən sonra tablodakı nəticəni dəyişə bilmədi. "Səbail" üç oyundur, qələbə qazana bilmir və turnir cədvəlində altıncı sıraya geriləyib. Avrokuboklar hədəfi olan "dənizçilər" 4-cü sıradan iki xal geridir.

"Turan Tovuz" isə bol qol epizodu yaratsa da, fərqlənə bilmədi. Ümumiyyətlə, Ayxan Abbasovun komandasında bu mövsümün əsas problemlərindən biri realizasiyadadır. Hücumları qolla tamamlamaqda çətinlik çəkən tovuzlular artıq neçə oyundur, bunun əziyyətini çəkir. Buna baxmayaraq, "Səbail" səfərindən bir xalla dönmək "Turan Tovuz" üçün qənaətbəxş nəticədir.

Sabah – Zirə 0:1

Gümüş medallar uğrunda mübarizə aparan komandaların duelində qonaqlar qələbə sevindi. Üç xalı qazanmaqla turnir cədvəlində üçüncü sıraya yüksələn "Zirə" həm də, rəqibinə fərdi oyunlarda üstünlük qurub. Belə ki, komandalar mövsümün sonunda eyni xalı toplasa, şəxsi oyunların nəticəsinə görə "Zirə" öndə sayılacaq. Rəşad Sadıqovun yetirmələri demək olar, matçda bir-iki epizod yaratdı, buna baxmayaraq, standart vəziyyətdən fərqləndikdən sonra müdafiədə etibarlı oynayan "qartallar" çətinliklə də olsa, qələbə qazandı. Üç xaldan daha artığına nail olan "Zirə" avrokuboklar yolunda ciddi addım atdı.

"Sabah" isə yeni baş məşqçi Krunoslav Renduliçin gəlişindən sonra ilk məğlubiyyətini yaşadı. Buna qədər iki qələbə qazanan "futuristlər" ev oyununda "Zirə"yə ciddi təhlükə yarada bilmədi. Ümumiyyətlə, oyunda demək olar, 100 faizlik qol epizodu olmadı. "Zirə" standartdan fərqləndisə, "Sabah" rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkdi. Bəzən öz futbolçuları, bəzən də rəqib müdafiəçiləri təhlükəni sovuşdura bildi. "Sabah"da mərkəz hücumçusu problemi hiss olunur. "Futuristlər" cinahlardan hücumlara üstünlük versə də, "Zirə" rəqibini yaxşı təhlil etmişdi və demək olar, ciddi təhlükə ola biləcək Kahim Parris və Cesse Sekidikanın əli-qolu bağlanmışdı. "Zirə"yə məğlubiyyət "Sabah"ı geri saldı, buna baxmayaraq, qarşıda turlar var və "futurislər" azından 4-cü sıranı təmin etməlidir.

Sumqayıt – Araz-Naxçıvan 1:0

Turun son oyununda meydan sahibləri qələbəyə sevindi. 7-ci dəqiqədə Kasimir Ninqanın penaltidən vurduğu qol yeganə oldu. Düzdür, erkən təyin olunan penalti epizodu mübahisəyə açıqdır. Buna baxmayaraq, artıq qərar verilib, qol vurulub və nəticə ortadadır. "Sumqayıt" qoldan sonra da bir neçə dəfə fərqlənməyə çalışsa da, cəhdlər uğursuz alındı. Samir Abasovun yetirmələri son 3 oyununda 2-ci qələbəsini qazanaraq, yenidən "dördlüy"ə düşdü.

"Araz-Naxçıvan"da isə pis gedişat davam edir. Komandanın baş məşqçisi Azər Bağırov son turlarda hakim səhvlərindən gileylənir, referilərin onlara qarşı bilərəkdən yanlış qərarlar verdiyini iddia edir. Mövsümün birinci yarısında uğurlu çıxışı ilə diqqət çəkən komandada eniş hiss olunur. Sonuncu dəfə fevralda qələbə qazanan "Araz-Naxçıvan" 6 oyundur, üç xala həsrətdir. Bağırovun komandası 8-ci sırada möhkəmlənməkdədir və Premyer Liqada ilk illərinin olduğunu nəzərə alsaq, elitada qalmaq onlar üçün qənaətbəxş olacaq.

Şahin Cəfərov