Azərbaycan Premyer Liqasının XVI turunun “Səbail” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– “Araz-Naçxıvan”ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik, amma hələ ki alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.
– Şahin Diniyevin vaxtında da komanda uduzurdu, amma ara-sıra xal alırdı. “Səbail”i üç oyuna çıxarmısız, amma qol da vura bilməmisiz. Kimdir günahkar, Diniyev, yoxsa siz?
– Əlimizdə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən komandanı üç oyuna çıxarmışam. Kuboku çıxmaq şərtilə. “Qarabağ”la başabaş mübarizə aparmaq çox çətindir. “Sabah”dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. “Araz-Naxçıvan” bu dəqiqə ən formada olan iki komandadan biridir. Çalışırıq nəyisə dəyişək.
– Heyətin geniş olmadığını düşünürsünüz?
– Önəmli nüansdır. Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdır. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdur. Futbolçular hiss edirlər ki, onun yerində oynayacaq ikinci oyunçu yoxdur. Bu durumda işləmək çətindir. Qışa qədər başqa şansımız yoxdur. Son iki oyuna köklənəcəyik ki.
– Qışda büdcə ayrılmasa, erkən ayrılıq mümkündür?
– Bu haqda danışmaq hələ tezdir. Ümid edirəm ki, istədiyimiz transferləri edə biləcəyik. Bir neçə mövqe var ki, futbolçu gətirə biləcəyik.
– Özünüzü işə necə motivasiya edirsiz?
– Durum aydındır, durumu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu onlara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir. Qışa qədər iki oyun qalıb. Rəqiblərimiz də güclüdür. Bunu reallaşdıra bilmirik. İnamımız itməyib.
– Növbəti turun “Şamaxı” ilə oyunu dönüş sayıla bilər?
– Çempionatda hər rəqib bizim üçün eyni səviyyədədir. Çox istəyirik ki, qalib gələk. Sonuncuyuq deyə, təzyiq yaranır. Futbolçular da tunrir cədvəlini görəndə narahatlıq keçirirlər. İşimiz onları sakitləşidirib, oyuna kökləməkdir.
Şahin Cəfərov