Azərbaycan Premyer Liqasının XIV turunun “Səbail” – “Qarabağ” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– “Qarabağ”ı təbrik edirəm. Üzücü məğlubiyyət oldu. Komandanın potensialı var, istədiyimiz nəticələri yaxın vaxtda alacağıq. Heyətdə itkilərimiz var idi və oyuna hazırlaşmaq üçün vaxtımız az idi.
– Futbolçulara nə tapşırıq vermişdiniz?
– Heyət geniş olanda sistem dəyişikliyi etmək olur. Lakin bu gün futbolçuların sayına görə heyət qurduq. İkinci hissədə səhvlərə yol verdik. Komandanın fiziki durumu yaxşı deyil, qısa zamanda nəsə etməyə çalışdım.
– Qarşınıza hansı hədəf qoyulub?
– Məqsədimiz Premyer Liqada qalmaqdır. Transferlərə ehtiyacımız var. Bəzi mövqelərə oyunçu çatmır. Hücumda çətinliklərimiz var.
– Özünüzü “Səbail”ə nə dərəcə faydalı görürsünüz?
– Məşqçi karyeramda əldə etdiyim nailiyyətlər bəllidir. Qorxaq insan olmamışam. Təklif gələndə ailəmlə danışdım və qərar verdim. “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevlə 4 ay işlədim və ondan yaxşı təcrübələr qazandım. İnanıram ki, burda da yaxşı nəticələr qazanacağıq.
– “Cəbrayıl”ın təsisçisiniz. Burda işləməyiniz ordakı işlərə necə təsir edəcək?
– “Cəbrayıl”da yaxşı komanda qurulub. İndi “Səbail”dəyəm və daha çox vaxtımı bura ayırıram.