Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Sabah” – “Sumqayıt” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Mübarizəli, yaxşı oyun oldu. Komandama əzmkarlığına görə təşəkkür edirəm. Heyətdə itkilərimiz var idi. Uşaqlar əzmkarlıq göstərdilər. Belə məqamda belə rəqibə qarşı yaxşı futbol oynadılar. Qələbə qazanmaq istəyirdik, lakin bu itkilər fonunda qazanılan bir xala görə futbolçulara alqış düşür.
– Yarımmüdafiə və hücum tərəfə transferə ehtiyac olduğunu düşünmürsünüz?
– Bir oyunçumuz yoldadır. “Sabah” kimi komandaya qarşı ağıllı oynamaq lazımdır. Bəzi fərdi səhvlərimiz oldu. Hər xal vacibdir. Hər oyun maksimum qələbəyə oynayırıq. Belə əzmkarlıqla ancaq irəli gedəcəyik.
– Nadir Orucovun çıxışını necə dəyərləndirirsiz?
– Gəncdir, 17 yaşı var. Futbolumuzda istedadlı oyunçular çoxdur, sadəcə onlara güvənmək lazımdı. İndiki məqamda 17 yaşlı birini belə oyunda oynatmaq riskli idi, amma bunu etdim və yaxşı da oynadı. Bu, digər gənclər üçün də siqnaldır. Hər gənc oyunçumuza şans verə bilərəm.
Şahin Cəfərov