“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstandan “Ludoqorets”lə qarşılaşacaq.
Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov “FutbolPress”ə açıqlamasında görüşdən gözləntilərini bölüşdü:
“Qarabağ” üçün vacib oyundur. “Ludoqorets”in necə ağır komanda olduğunu Bakıda gördük. Son illərdə mütəmadi avrokuboklarda çıxış ediblər. Həm də onların oyun üslubları “Qarabağ”a çətinlik yaradır. Sərt və atletik futbola üstünlük verirlər, oyunun vaxtını aparmaqdan da çəkinmirlər”.
Mütəxəssis “Ludoqorets”in müəyyən üstünlüyünün olmasından söz açdı:
“Hesabda öndə olmaları “Ludoqorets” üçün üstünlükdür. Eyni zamanda evlərində oynayacaqlar. Bunlara baxmayaraq, “Qarabağ”ın mərhələni keçəcəyinə inanıram. Çünki təmsilçimiz təcrübəlidir və bir neçə dəfə bu situasiyaya düşmüş komandadır. Oyunda vacib amil qol buraxmamaqdır. Hücumda isə Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir kimi oyunçuların üzərinə böyük yük düşəcək. Onlar qol epizodlarını dəyərləndirməyi bacarırlar. Düşünürəm ki, maraqlı oyunun şahidi olacağıq. “Qarabağ”a uğurlar arzu edirəm”.
Şahin Cəfərov