Yəqin ki, İsveçrə ilə oyunda (0:2) heç bir qətiyyət və israr nümayiş etdirməyən İtaliya millisinin azərkeşləri hələ də məyusdur. Elə mən özüm də italyan futbolunun harmoniyasına rəğbət bəsləyən biri kimi onların oyununu izləyərkən özümü zorla ələ alaraq köks ötürürdüm. Axı meydanda sərgilənən oyunun, mübarizə tərzinin klassik italyan futbolu ilə nə əlaqəsi vardı?
Bu nə təhər İtaliya milli komandası idi? Onlar niyə bu kökə düşmüşdülər?
Bilirsiniz, futbol, təkcə meydanda öz ölkənin himnini ürəkdən, hərarətli səslə oxumaqdan ibarət deyil. Hərçənd, italyanlar bineyi-qədimdən bu baxımdan xüsusən fərqləniblər, himnlərini, onun sözlərini, ritmini yaşayıblar. Həmin ab-havada da oynayıblar. Amma o gün…
Sanki himndən sonra italyan futbolçulara mərsiyəvari bir musiqi də dinlətdilər. Bu melodiya onları heydən saldı, ağıllarını aldı, istəklərini “çaldı”…
İki hissə boyu italyan futbolçular özlərini elə itaətkar, başıaşağı apardılar ki, sanki buraya qədər gəlib çıxmaq da onlar üçün fövqəladə dərəcədə böyük bir şey idi. İsveçrəlilər isə əsasən səssiz, hərarətsiz oyun tərzinə üstünlük versələr də, bəzi məqamlarda dəniz kimi gurladılar və elə həmin anların ikisində fərqləndilər.
Oyunun sonunda operator öz kamerasını Canluici Buffona tuşladı. Bircə baxışla futbol əfsanəsinin ən məhrəm fikirlərini, duyğularını oxuya bildim. Xəcalət hissiylə qızarmışdı. Arada fağır və müti təbəssümlə gülümsündü də.
Çox heyif. Buffonu bu vəziyyətə salan, coşqunluqla komandalarını dəstəkləyən azarkeşləri məyus edən futbolçulara ar olsun.
Orxan İsmayılov