Yeni mövsümə hazırlıqlarını davam etdirən TOP-5 çempionatlarının komandaları heyətlərini gücləndirməyə davam edir.
Futbolpress.az xəbər verir ki, bu mənada transferlərə ən çox pul xərcləyən kollektiv 41 il sonra Çempionlar Liqasına qayıdan İngiltərənin “Aston Villa” klubudur.
Birminqem klubu bu günə qədər yeni futbolçular üçün 151 milyon avro xərcləyib. Onlar sırasında ən bahalısı “Everton”dan heyətə cəlb edilən Amadou Onanadır.
Siyahının ikinci pilləsində Almaniyanın “Bavariya” klubudur. Ötən mövsümü titulsuz başa vuran Münhen təmsilçisi yeni futbolçular üçün 122 milyon avro xərcələyib. Rəhbərlik yeni baş məşqçi Vensan Kompani daxil olmaqla, “Kristal Pelas”dan Maykl Olise, “Tottenhem”dən Erik Dayer, “Fulhem”dən Joao Palinha kimi futbolçularla heyəti gücləndiriblər.
İlk “3-lük”də Fransanın “Lion” klubu yer alıb. Fransızlar 115 milyon avroluq xərcləmə gerçəkləşdiriblər. Belə ki, “Nottinqem Forest”dən Mussa Niakateni rənglərinə bağlayan klub gürcü hücumçu Jorj Mikautadze, “Vest Hem”dən Said Benrahma kimi oyunçularla razılıq əldə ediblər.