Əgər De Byazinin vaxtında Estoniya ilə oyunda daha yaxşı nəticə və futbol sərgilənmişdisə, Santuşla bu rəqibə qarşı ən pis oyuna və hesaba uğramağımız nəyi göstərir? – məşqçi dəyişimi inkubatoru olmaq əbəsdir, elə AFFA-da, idarəçilikdədir problem.
Belçika şirkətinə Azərbaycan futbolunun inkişaf strategiyasını yazdırmağı sifariş edəcəkdisə, onda AFFA rəhbərliyi, onun kadr potensialı nəyə lazımdır?!
Əgər Rövşən Nəcəf şəxsi imkanlarından və ya daxili gəlirlərdən qarşılasaydı bu xərcləri, hardasa anlamaq olardı ki, öz pulu, öz başı… Axı AFFA büdcəsi hesabına bu cür boş, mənasız qərarlar vermək nəyin hədsizliyidir?
AFFA-nın büdcəsi SOCAR dotasiyası hesabına əsasən formalaşır. İqtisadi İnkişaf Naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu məsələlərdə yekun qərarı verən şəxsdir. Futbola da yad deyil. Bəs niyə Rövşən Nəcəfin işbilməzliyinin fontan vurmasına tamaşa edir?
“Sabah” klubu de-fakto Mikayıl bəyin kurasiyasındadır, yaxın dostu Balakişi Qasımov da adıçəkilən klubun “kölgə kabineti” kimi futboldadır. Həmin Balakişi bəy ki, 2 aprel seçkilərində AFFA-nın İcraiyyə Komitəsinə düşdü. O, eyni zamanda assosiasiyanın vitse-prezidentidir. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov da AFFA İK-na seçilən 12 nəfərdən biridir və Balakişi bəylə dostdur.
Bunlar Rövşən Nəcəfin işbilməzliyi qarşısında niyə susublar?!
Estoniya qrupda məğlub edə biləcəyimiz yeganə rəqib kimi görülürdü, ona da 1:3 uduzuruqsa, bəs nəyə ümid edək?
Aşağı yaş millilərimizin nəticələri bundan da betər.
Prezident seçilməyindən yarım il keçən Rövşən Nəcəfinsə yeganə kadr islahatı Aysu İbrahimli adlı futbola tribunadan baxmalı olan bir xanımı Marketinq Departamentinin rəhbəri təyin etməsi olub. Onun da İcraiyyə Komitəsinin iclaslarında təmsil olunmasının hüquqi yanlışlıq olduğunu bilməyəcək qədər naşı bir AFFA prezidenti var qarşımızda. Vəssalam.
İnkişaf üçün ideyanı əcnəbidən pulla alır, kadr islahatı apara, ən xırda detalları belə reallaşdıra bilmir; AFFA-nı necə bir bəla izləyəcək zamanla…
Elçin Cəlilov