“Bu mövsümün uğursuz olması “Qarabağ”ı daha güclü edəcək”

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin sonuncu turunda “Olimpiakos”a (Yunanıstan) 0:3 hesabıyla məğlub oldu. “Atlılar” bununla da mərhələni 3 xalla 36 komanda arasında 36-cı sırada bitirdi.

Veteran futbolçu Zaur Həşimov “FutbolPress“ə açıqlamasında oyunu şərh etdi:

“Rəqib ilk dəqiqələrdən pressinq etməyə başladı. Qapıçı Mateuş Koxalski 4-5 seyvlə erkən qoldan komandanı xilas edə bildi. Bundan sonra oyun bərabərləşsə də, fərqlənə bilmədik. Bunu qeyd edim ki, Juninyonun yoxluğu hiss olunurdu. Fasilədən sonra da üstünlüyü ələ alan yunanlar üç qol vurub, qələbə qazandılar. Təəssüf ki, yenə qolların 2-si standart vəziyyətdən buraxıldı. Düşünürəm ki, bu mövsümün uğursuz olması “Qarabağ”ı daha güclü edəcək”.

Yeni transferlərin özünü doğrultmadığını qeyd edən mütəxəssis komandadakı problemlərdən də söz açdı:

“Təəssüf ki, “Qarabağ” son oyunu uduzdu. Komanda üçün bu mövsüm işlər yolunda getmədi. Bunun da müxtəlif səbəbləri var. Bəzən aparıcı oyunçular zədələndi, itkilər oldu. Xüsusilə, müdafiədə problemlər qaçılmaz idi. Hücum xəttində də bitiricilik aşağı səviyyədə oldu. “Qarabağ”ın yeni transferləri özünü doğrultmur. “Olimpiakos”la oyunda da problemlər göründü”.

Şahin Cəfərov