I Liqada mübarizə aparan “Zaqatala” mövsümü 31 xalla 6-cı tamamladı. Bölgə təmsilçisi son turda səfərdə “Difai Ağsu” ilə heç-heçə etdi- 1:1.
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov “FutbolPress“ə açıqlamasında son matçda komandanın motivasiyasının aşağı olduğunu qeyd etdi:
“Mövsümün son matçında xal itirdik. Səfər matçı idi, lakin o qədər də ciddi əhəmiyyət daşımırdı. Qələbə və ya xal itkisi turnir cədvəlində hər hansısa dəyişikliyə səbəb olmayacaqdı. Həmin oyunda komandanın motivasiyası yox idi. Buna baxmayaraq, yaxşı oyun sərgilədik. 26-cı dəqiqədən azlıqda qaldı. Son dəqiqələrə qədər 1:0 hesabda irəlidə idik, lakin heç-heçə oldu. Üstəlik rəqib də zəif deyildi. Son oyun idi, ümumi çıxışımızı normal qiymətləndirirəm”.
Məmmədov komandanın bu mövsümkü qazancının təcrübə olduğunu dedi:
“Komandamın bu mövsüm qazancı təcrübə oldu. Futbolçu sayı az olduqda necə çıxış etməyimizi öyrəndik. Bu vəziyyətdə məşqçimizi necə qura bilərik, oyunlara hansı formada çıxa bilərik, onu sınadıq. Birinci dəfə idi ki, 12-13 futbolçu ilə matçlara çıxırdıq. Bundan yaxşısı da ola bilərdi. Lakin ilk təcrübəmiz idi. Gələcəkdə belə hadisələr baş versə, ona uyğun necə addım atacağımızı artıq bilirik”.
Müsahibim gələcəyi haqda qərar verilmədiyini bildirdi:
“Hazırda rəhbərliyin iclası olmayıb deyə komandadakı gələcəyimlə bağlı nəsə demək çətindir. AFFA-nın komanda üçün hansı büdcə ayıracağı məlum deyil. Bu məsələnin hansı formada həll olunacağı məlum olduqdan sonra, həmçinin bir neçə məqama aydınlıq gəldikdən sonra görüş olacaq və daha sonra lazımi qərarlar qəbul olunacaq”.
Məlik Məlikov