Elxan Məmmədovun Premyer Liqanın 34-cü turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda Zaur Axundovla görüntülənməsi həm normal, həm anormal vəziyyət kimi səciyyələndirilə bilər.
Normal: AFFA-nın keçmiş baş katibi, “FIFA Elxan”, futbol funksioneri, lap sıravi vətəndaş kimi oyuna gələ, “sky box”dan izləyə bilər.
Anormal: Elxan Məmmədov son illər özünə ən yaxın futbol funksioneri Zaur Axundovla görüntülənməklə hansısa altməqsəd güdə bilər. “CBC Sport”un onları oyunun yayımı vaxtı ekrana gətirməsi…
Bilinir ki, AFFA-da ciddi audit yoxlamaları olub və Məmmədovun külli-miqdarda “yeyintisi” aşkarlandığı bildirilir. Məsələ o qədər şişib ki, hətta onun həbsi ehtimalı haqda xəbərlər yayılmışdı. Belə ərəfədə onun bu cür görüntülənməsi təsadüfi yox, “zəruri” olma ehtimalını gücləndirir. Belə halda bu, “nəbz yoxlama” cəhdi sayıla bilər. Yəni üzə çıxmaq, görünmək necə reaksiyalar yaradır, “qarşı tərəf” nə edəcək və s. Lazımi reaksiyalar olmasa, gələcəkdə başqa formada “zühur edə bilər” və hətta istənilən məkrli planla hücuma da keçə bilər.
Hər halda, bunca problem, qüsur fonunda Məmmədov cəzasız qalması qarşılığında vəziyyəti yoxlamaq üçün bu cür cəhd edir və ya edəcək.
İstənilən halda, Məmmədov təhlükəli fiqurdur və onun ölkə futbolunda aşkar-gizlin rıçaqları qalmaqdadır.
“Yeni AFFA” bu mövzuda sərrast, qətiyyətli olmasa, zərəri öz başında çatlaya bilər. Ölkə futbolunda “çistka” qaçılmazdır, lakin nəinki bu istiqamətdə, ümumən proseslərdə ləngimə müşahidə olunur.
Fotoda görünən mənzərənin hesabı götürülübmü, cavabı veriləcəkmi…?
Elçin Cəlilov