AFFA Hesabat Konfransı keçirilib.
Tədbirdə Azərbaycan futbolunun problemləri, görüləcək işlər və digər məsələlər müzakirə edilib. AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov “Futbolpress.az“a açıqlamasında konfransla bağlı fikirlərini bölüşdü:
“Hesabat konfransını maraqla izlədim. Gündəlik demək olar ki, futbolumuzun mövcud problemləri ilə bağlı əsas məsələləri əhatə edirdi. AFFA rəhbərliyinin bütün məsələlər üzrə prinsipiallığı, ədalətli, səmimi və özünütənqid mövqeyi cəlbedici idi.
Milli komandaların çıxışı obyektiv qiymətləndirildi, uşaq futbolunun inkişafı üçün geniş inkişaf proqramının labüd olduğu bildirildi, maliyyə-təsərrüfat fəaliyyətinin şəffaf və səmərəli fəaliyyəti üçün müasir proqramlardan istifadə olunması, peşəkar kadr potensialının artırılmasına dair müzakirələr aparıldı.
Bu konfransdan sonra sabaha nikbinliklə baxıram. Müsbət və məqsədyönlü addımların atılacağına çox inanıram. Çünki, konfrans iştirakçılarının bütün məsələlərə çox ciddi yanaşmaları aşkar göründü”.
Şahin Cəfərov