Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə” – “Araz-Naxçıvan” (1:0) görüşü keçirilib.
Futbolpress.az xəbər verir ki, meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.
– Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komandanın oyunçuları aqressiv ididlər. Sanki heç fasilə olmamış kimi. Hər iki tərəf böyük istəklə oynayırdı. İkinci yarı bizim üçün uğurlu başladı. İlk dəqiqələrdən fərqləndik. Matçın 15-20-ci dəqiqəsinə qədər epizodlarımız oldu. Daha sonra üstünlük rəqibə keçdi. İlk hissənin ikinci yarısını demək olar ki, yaxşı keçirə bilmədik. İkinci yarıda isə daha istəkli, aqressiv idik. Nəticə bizim üçün vacib idi. Hamımız “Araz-Naxçıvan”ın gücünü bilirik. Elmar Baxşıyev çox yaxşı komanda formalaşdırıb. Ümumən futbolçuların çıxışından razı qaldım.
– Narazı qaldığınız məqamlar oldu?
– Təbii. Hazırlıq dövründə bəzi disbalans yaranıb. İtkilərimiz var. Məsələn, Davit Volkov 10 gündür komanda ilə məşq etmir. Rüstəm Əhmədzadə uzun zədədən sonra ehtiyatda idi. Bəzi futbolçular fiziki cəhətdən çatmırdılar. İnşallah ki, zaman getdikcə hamı öz formasını bərpa edə biləcək.
– Meydanda baş verənlərlə bağlı nə deyə bilərsiz?
– Belə halın yaşanması üzücüdür. Təbii olaraq futboldur. Bu iki komandanın həm rəhbərlik, həm də məşqçi heyəti arasında yaxşı əlaqələr var. Arada nə oldu bilmirəm ki, Qara o qədər əsəbiləşdi. Sarı vərəqəsi ola-ola aqressiv idi. Ona görə də onu sakitləşdirməyə çalışırdım. İstəməzdik belə olsun. O cür gərginlikdən sonra ikinci hissə daha sakit keçdi.
Mirkamal Kazım