“Bu fiaskodan sonra hamı düşünməlidir ki…”

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda Estoniya ilə heç-heçə edib – 0:0. Yığmanın sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Estoniya ilə oyun haqda nə danışacağımı bilmirəm. Qələbə qazanmalı idik, edə bilmədik. Üstəlik, demək olar, D Liqasına düşmüşük. Estoniya ilə oyunda üstünlük bizdə idi, amma qol vura bilmədik. Futbolçular bir az milli komandada oynadıqlarını dərk etmirlər. Futbolumuzun gələcəyi onların üzərindədir. Düşünməlidir ki, futbol oynayan bizik. İnanın, söz tapıb deyə bilmirəm ki, pozitiv olaq. Bu fiaskodan sonra hamı düşünməlidir ki, futbolumuzu necə qaldıraq”.

Milli Millətlər Liqasındakı son oyunu sabah İsveçə qarşı keçirəcək. Sultanov yığmanın bu oyunda nə  olur olsun, yaxşı nəticə qazanmağa çalışmalı olduğunu söylədi:

“İsveçlə oyun ağır keçəcək. Çünki indiki məqamda psixoloji vəziyyət yaxşı deyil. Əfsuslar olsun, həmişə deyirik ki, yaxşı oynadıq, amma qələbə yoxdur. Tarixdə qalan nəticədir. İndi bunun üçün hər şeyi etmək lazımdır. D Liqasına düşməmək lazımdır, düzdür, inandırıcı görünmür, amma pozitiv olaq. Bu gün hansısa oyuna baxanda müsbət məqam olurdusa, indi bu da yoxdur. Tsiklda son oyunumuz olacaq, milliyə uğurlar arzu edirəm. Əllərindən gələnin artığını etməlidir. İndiki məqamda hər komandadan zəifik və hər oyunçu gərək ikiqat güc sərf etsin ki, yaxşı nələrsə olsun”.

Mütəxəssis millinin baş məşqçisi Fernandu Santuşun gələcəkdə daha yaxşı olacaqlarına dair söylədiyi fikirlərə münasibət bildirdi:

“Santuşun dediklərini oxuyuram, amma əsaslandırmaq lazımdır. Hansı futbolçularla inkişaf gözləyirsən? Əsası olmalıdır ki, hansı futbolçularla 2028-ci ildə yaxşı olacağıq. Bu oyunçularla inandırıcı görünmür. Çünki Millətlər Liqasında belə sonuncu yeri tutduq. Dünya və Avropa çempionatının seçmə mərhələlərində daha güclü rəqiblər olur. Aşağı yaş qruplarına baxıb deyirsə, yəqin bizimlə zarafat edir. Hətta deyir ki, mən bu layihənin bir hissəsiyəm və DÇ-2028-ə düşmək üçün çalışacağıq. Düşəcəyik demir. Hər mütəxəssisi ora gətirsən, bu sözü deyəcək. Biri var edəcəyik, biri var çalışacağıq. Ona görə buna inanmıram. Əsası varsa, desə, yaxşı olar. Onun dediklərində hansısa əsas görmürəm”.

Şahin Cəfərov