İyunun 12-də Tatarıstanın paytaxtı Kazanda “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, mərasimdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minimxanov və Rusiyanın idman naziri Mixail Deqtyarov çıxış ediblər.
Rusiyanın inkişaf tarixini əks etdirən videonun nümayişindən sonra iştirakçı ölkələrin bayraqları hər bir ölkənin bayraqdarları tərəfindən səhnədə nümayiş olunub. Azərbaycan bayrağını avarçəkmə üzrə “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident-Kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyıb.
Ardınca Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videomüraciətlə iştirakçılara uğurlar arzulayıb və yarışı açıq elan edib.
90-dək ölkədən 3000-dək idmançının mübarizə aparacağı oyunlara daxil olan növlərin təqlid olunduğu rəqslər nümayiş edilib. Sonda idmançılar, hakimlər adından andiçmə olub və tədbir konsert proqramı ilə davam edib.