Bakıdakı oyunda 2:1 hesablı qələbə “Ludoqorets” üçün yaxşı üstünlük sayılırdı. Bolqarıstan təmsilçisinin “ev komandası” olduğu məlum idi. Ancaq saydığını say, gör “Qarabağ” nə sayacaq…
Razqraddakı cavab qarşılaşması “atlılar “ın üstünlüyü ilə başlasa da, nəticə pisə doğru dəyişirdi. Qurban Qurbanovun döyüşçüləri vəziyyəti tez nəzarətə götürməyi və psixoloji dramatizmə uğramamağı bacardı.
Meydanda əməlli-başlı döyüş gedirdi…
Qeyd etmək lazımdır ki, bu mövsüm təmsilçilərimizə qarşı hakim “yadlığı” qabarıq hiss olunmaqdadır. Lakin Razqraddakı fit çalan Simon Sossa da Bolqarıstan “qartalları”nı “süvarilər”imizin sərrast nizələrindən yan qaçırda bilmədi.
Oyunun əsas vaxtını 3:2 hesabıyla bitirməyi bacaran Zubir və dostları dramatizmin tavan vurduğu qarşılaşmanı əlavə vaxta daşımağı bacardı.
Və “qartal”ın “qanına qəltan edilməsi” boyunun əsası qoyuldu. Aşkar kobud, bəzən aşırı aqressiv oynayan rəqib Veşoviç, Yankoviç kimi hücumda effektiv olmağı bacaran oyunçuları zədələdi, məcburi əvəzetmələr risk hesabını açdı. Lakin “Qarabağ” aqressiv rəqibin qamətini/qətiyyətini elə qırdı ki… Qısa zamanda 3:2 hesabı 7:2-ə çevrildi. Və döyüş aşkar üstünlüklə qazanıldı. Həm də “Qarabağ” tarixində ən böyük hesablı avrokubok qələbəsini qazandı.
Bu, “Ludoqorets”in də tarixinə yazılan qara gün idi. Ən böyük hesablı məğlubiyyətlərdən biri…
Görürsünüzmü, “Qarabağ” nə hoqqa çıxardır?!
Kamil Əhməd