Ölkə futbolunun inkişafı üçün görüləcək işlərdən birincisi uşaq futboluna diqqətin artması, şəraitin yaxşılaşdırılmasıdırsa, ikinci addım futbolun arealının genişləndirilməsidir. Burdakı başlıca məqam isə bölgələrdə futbolun inkişafına dəstək vermək, komandalar üçün maddi, mənəvi yardımların edilməsi, futbolun kütləviliyinə nail olmaqdır.
2023/24 mövsümündən Azərbaycanda I Divizionun adı I Liqa olaraq dəyişdi və bölgə klublarının turnirdə iştirakı təmin edildi. Daha əvvəl birinci divizionda daha az bölgə peşəkar yarışda təmsil olunur, Premyer Liqa klublarının əvəzediciləri də onlarla mübarizə aparırdı. Lakin ötən ildən əvəzedicilərin çempionatı ayrılıb, I Liqada isə 10 komandalı yarışa başlanılıb.
Daha bir qeyd ediləsi məqam idman prinsiplərinin qorunmasıdır. Ötən ilin çempionu “Şamaxı” qızıl medalları alaraq, Premyer Liqaya vəsiqə qazandı, ölkə futbolunun adlı-sanlı “Qəbələ”si isə elitanı tərk edərək, I Liqaya yuvarlanıb.
I Liqada bu mövsüm Yevlax (“Karvan”), Mingəçevir (“Mingəçevir”), Qəbələ (“Qəbələ”), Zaqatala (“Zaqatala”) və İmişli (“İmişli”) bölgələri təmsil olunur. Maraqlı məqamdır ki, yarışın favoritləri də məhz bölgə komandalarıdır. Çempionluq mübarizəsinin “Qəbələ”, “İmişli” və “Karvan” arasında keçəcəyi gözlənilir. Bölgə təmsilçiləri arasında “Mingəçevir” daha zəif təsir bağışlayır, “Zaqatala” isə son illərdə iddialılardan olsa da, mövsümü orta sıralarda tamamlayır. Bu baxımdan favorit üç bölgə komandasıdır.
Çempionatda artıq 2 tur geridə qalıb və “Karvan” maksimum nəticə ilə (6 xal) liderdir. “Qəbələ” və “İmişli” isə hərəyə bir qələbəyə seviniblər.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov “FutbolPress“ə açıqlamasında çempionatla bağlı fikirlərini bölüşdü:
“Mingəçevir”lə oyunumuzun çətin keçəcəyini bilirdik. Azarkeşlər üçün də maraqlı oyun oldu. Eyni zamanda, öz fanatlarımıza da təşəkkür edirəm ki, bizə sona qədər dəstək oldular. Futbolçularım əzmkar oyun sərgilədi və üç xalı qazandı. Çempionat yeni başlayıb və bütün komandalarda müəyyən problemlər var. İnanıram ki, gələcəkdə daha yaxşı oyunla nəticələr qazanacağıq”.
Azərbaycan futbolunda artıq idman prinsipləri qorunur və I Liqanı çempion bitirən komanda lisenziya şərtlərinə uyğun gələcəyi halda, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq. Hazırda elitada Şamaxı, Gəncə və Tovuz təmsil olunur. Daha bir bölgə komandasının elitaya vəsiqə qazanması futbolun inkişafına sözsüz təsirini göstərəcək. Klubların səfər oyunları, rayonlarda azarkeşlərin futbola olan marağı və arenaları doldurması, stadionlarda gözəl atmosferin yaradılması sərgilənən oyuna da əlavə maraq qatır. Bunu artıq Tovuzda, Şamaxıda keçirilən matçlardan müşahidə etmək olur. Təsadüfi deyil ki, çempionatda 7 turdan sonra ən çox azarkeş məhz “Turan Tovuz”un ev oyunlarında olur. Demək olar, hər matçda azı 3-4 min azarkeşin stadiona gəlişi gözəl mənzərələrin üzə çıxmasına səbəb olur.
I Liqa ilə yanaşı, II Liqada da maraqlı rəqabət var. Bu mövsüm çempionatda debüt edən Qubanın təmsilçisi “Hypers Guba”, ev oyunlarını siyəzəndə keçirən “Şimal”, Şəkinin komandası “Sheki City”, “Ağdaş”, “Qusar Şahdağ”, “Şəmkir” kimi bölgə təmsilçiləri yarışda mübarizədədirlər. Futbolun bölgələrə siraəti və kütləviləşməsi istənilən halda, ölkə futbolunun inkişafına təkanını verəcək. Bu, həm də rayonlarda olan uşaqların futbola cəlb edilməsi, daha sonra daha büdcəli və şəraiti olan klublara keçmək imkanları marağı artırır.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.