Bombardir: “Yaxşı mövsüm keçirdim, ancaq hələ təklif yoxdur”

MOİK-in futbolçusu Elmir Rəhimzadə Azərbaycan I Liqasında 2023/24 mövsümünün bombardiri olub – 17 qol.

Rəhimzadə “FutbolPress“ə açıqlamasında ötən mövsümlə bağlı fikirlərini bölüşdü:

“Maraqlı və çətin mövsüm keçdi. Düşünürəm ki, əvvəlki illərə baxanda daha rəqabətli il oldu. Xüsusilə də, çempionun elitaya qalxması, sonuncunun liqanı tərk etməsi yarışı daha maraqlı etdi”.

Hücumçu bombardir olmasına münasibət bildirdi:

“Bombardir olmaq sevindiricidir. Çempionatda yaxşı rəqabət var idi və ən çox qol vuran oyunçu olmaq asan olmadı. Bombardir adını qazandığım üçün şadam”.

Birinci Liqanın bombardiri yaxşı mövsüm keçirdiyini və təklif olsa, Premyer Liqada oynamağa hazır olduğunu qeyd etdi:

“Pis il keçirmədim. Yaxşı oyunlar oldu, bombardir adını qazandım. Yaxşı mövsüm keçirdim, ancaq hələ bir təklif yoxdur. Mənim işim oynamaq və qol vurmaqdır. Fərq etmir, ya birinci liqa olsun, ya əsas. Hansı komandada olsam, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Elitada arzuladığım xüsusi bir komanda yoxdur. Təklif olsa, dəyərləndirəcəm”.

Şahin Cəfərov