Uşaq futbolunun inkişafı akademiyalardan başlayır. Uzun illərdir ölkə futbolunun problemləri məhz bununla bağlıdır. Aşağı yaş qruplarında inkişafın ləng getməsi milli komandalar fonunda uğursuz nəticələrin sıralanması ilə nəticələnir.
Son illərdə uşaq futbolunda canlanma müşahidə edilir. Premyer Liqa klublarının akademiyalara diqqətini artırması qeyd edilməli müsbət məqamlardandır.
Bu mövsüm elitadakı uğurlu çıxışı ilə diqqət çəkən “Araz-Naxçıvan”da akademiyada inkişaf üçün işlər görülməkdədir. Akademiyanın koordinatoru Sakit Rzayevlə söhbətimizdə son zamanlarda görülən işlərdən söz açdı:
“Akademiyada işlərimiz davam edir. 10-16 yaş qrupu Naxçıvanda məşqlərini keçirir. U-17 və U-19 komandalarımız isə Bakıda məskunkaşıb. Burda hazırlaşır, oyunları da burda keçiririk. Bu yaxınlarda Naxçıvanda seleksiya işləri apardıq. Burda məskunlaşan komandalarımızın oyunlarını, uşaqların durumunu görmək istəyirdik. Çünki bu oyunçulardan gələcəkdə əsas komandalar formalaşdırılacaq. Potensiallı uşaqlarımız çoxdur”.
Naxçıvan uzun müddətdir böyük futboldan kənar qalıb. Təmsilçisi “Araz-Naxçıvan” olsa da, klub stadion problemi səbəbindən ev oyunlarını Bakıda keçirməyə məcbur olub. Rzayev böyük futbolun olmamasının təsirlərindən söz açdı:
“Naxçıvanda böyük futbolun olmaması kütləviliyə təsirini göstərib. Lakin vəziyyətin düzəlməsi üçün ciddi və sürətli işlər görülməkdədir. Naxçıvanda kütləviliyin artırılmasına çalışırıq və işlərimiz bu istiqamətdə gedir. “Araz-Naxçıvan” klubu olaraq akademiyaya diqqət artırılıb. Uşaq futbolunun canlanması üçün Təhsil Nazirliyinin nəzdində olan Uşaq Gənclər və İdman Məktəblərində işlər aparılır. İndi havaların soyulması ilə əlaqədar Naxçıvanda seleksiya işlərinə ara verilir. Gələn ilin mart, aprel, may aylarında Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə işlər yenidən başlanacaq. Klub olaraq potensiallı uşaqları diqqətdə saxlayacağıq. Federasiya da uşaq futbolunun inkişafı üçün qayğısını göstərir”.
Böyük futboldan kənarda qalan bölgələrdən biri də Yevlaxdır. Buranı təmsil edən “Karvan” bu mövsüm çempionata iddialı başlayıb və qızıl medal hədəfindədir. Premyer Liqada çıxış edən klublar üçün tələb olunan şərtlərdən biri də aşağı yaş qrupları üzrə komandaların formalaşdırılmasıdır. “Karvan”da da artıq bu istiqamətdə işlərə başlanılıb. Klubun məşqçisi Zaur Hacıyev aşağı yaş qruplarında görülən işlərdən danışdı:
“Uşaq futbolunun inkişafı üçün lazım olan addımlar atılır. Premyer Liqaya hazırlıq istiqamətində işlər görülür, aşağı yaş qruplarına diqqət artırılıb. Hazırda “Karvan”ın U-10, U-11, U-12 və U-10 komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda mübarizə aparır. Daha bir neçə qrupun formalaşdırılması üçün işlərimizi görürük. Müasir inkişaf proqramına müraciət etmişik. Daha əvvəl “Qəbələ” akademiyasında uzun illər çalışmışam və bir neçə ölkədə təcrübə keçmişəm. Düşünürəm ki, yaxın gələcəkdə Yevlaxdan olan uşaqlar Azərbaycan futbolunda sözünü deyəcəklər. Qeyd edim ki, bu bölgədə istedadlı uşaqlar tapmaq asandır. Klub üçün uşaq futbolunda müəyyən model hazırlamışıq və işlərimiz bu istiqamətdə davam edir. Düzdür, zaman lazımdır, amma yaxşı olacağına inanıram”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.