Azərbaycan II Liqasında 11 tur arxada qalıb.
“FutbolPress“in məlumatına görə, turnir cədvəlinin birinci sırasında “Şahdağ Qusar” qərarlaşıb. Bölgə təmsilçisi maksimum nəticələrlə itkisiz irəliləyir. 11 oyunu da qazanan qusarlılarla bağlı daha bir maraqlı statistika vurulan və buraxılan qollardadır. Belə ki, “Şahdağ Qusar” 11 oyunda 38 qol vurub və cəmi 3-nü buraxıb.
“Şahdağ Qusar”ın uğurlu çıxışının səbəblərindən biri heyətində kifayət qədər təcrübəli oyunçuların olmasıdır. Azərbaycan yığmasının sabiq futbolçusu Nodar Məmmədov, Rahid Quliyev, “Neftçi”də çıxış etmiş Famil Camalov, bir vaxtların perspektivli oyunçusu hesab edilən Ədilxan Qarəhmədov və s. Oyunçu keyfiyyəti rəqiblərə görə yüksək olan “Şahdağ Qusar” nəticələrlə müsbət mənada adından söz etdirir.
İkinci sırada isə 31 xalla “Şəfa” yer alıb. Bakını təmsil edən komanda yalnız bir görüşdə heç-heçə edib. 10 matçını qazanan “Şəfa” 34 qol vurub və 4-nü buraxıb. Növbəti turda komanda lider “Şahdağ Qusar”la üz-üzə gələcək. “Şəfa” zirvəni ələ keçirməkçün mütləq qələbə qazanmalıdır. “Şahdağ Qusar”a isə heç-heçə də indiki məqamda sərf edəndir.
“Üçlüy”ü “Şimal” tamamlayır. Heç-heçəsi olmayan kollektiv 9 qələbə qazanıb, 2 dəfə uduzub. Qolların nisbəti 30-8-dir.
Qarşıda 14 tur var. İndiki məqamda çempionluğa oynayan bu kollektivlər arasında ciddi mübarizə gedir. Artıq Azərbaycan çempionatlarında idman prinspiləri qorunur və çempion komanda I Liqaya vəsiqə əldə edəcək. Bu, komandalar arasındakı rəqabəti daha alovlandıran məqamdır. Ötən il “Baku Sportinq” çempion, “Cəbrayıl” isə pley-off qalibi kimi mərhələ adladı və bu mövsüm I Liqada ortabab çıxışı ilə yadda qalır.