“İmişli” Azərbaycan I Liqasında 7 turdan sonra 13 xalla 3-cü sırada qərarlaşıb. Bölgə təmsilçisi lider “Karvan”dan 5 xal geri qalır.
Son turda “Zaqatala”nı məğlub etməklə “üçlüy”ə yüksələn “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov “FutbolPress“ə açıqlamasında qələbəni şərh etdi:
“Zaqatala” ilə oyun çox vacib idi. Turnir cədvəlində yerimizi möhkəmləndirdik və Zəfər Günündə qələbə qazandıq. Oyunçular yaxşı hazırlaşmışdı və tam matça köklənmişdik. Düşünürəm, qələbəyə daha layiq idi. “Zaqatala” da yaxşı komandadır, hesab açdıqdan sonra yenə qapımızda təhlükə yaratdılar”.
Funksioner əzmkar komanda qurduqlarını və qarşıdakı matçlarda daha yaxşı olacaqlarını qeyd etdi:
“İmişli” indi özünə gəlir. Əzmkar komanda yarada bilmişik. Qarşıdakı turlarda futbolçularımız potensiallarını tam açacaqlar. Tam uyğunlaşmaları üçün zamana ehtiyac var idi. Təəssüf ki, bu dövrdə xallar itirdik. Çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İnşallah, daha yaxşı çıxış edəcəyik”.
Şahin Cəfərov