Bölgə klubu legionerlərini saxlamaq istəyir

I Liqada mübarizə aparan “Karvan” legionerlərini komandada saxlamaq istəyir.

Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov “FutbolPress“ə açıqlamasında Uensli Ondo və Peter Kinqs üçün təkliflərin olduğunu bildirdi:

“Legionerlərimiz özünü yaxşı göstərməyi bacardı. Onlara həm Azərbaycanda, həm də ölkə xaricindən təkliflər var. Rəhbərliklə də danışmışıq və onları komandada saxlamaq üçün çalışacağıq. Bununla yanaşı, yeni əcnəbi oyunçu axtarışlarımız da davam edir. Uyğun biri olsa, götürəcəyik”.

Kərimov komandanın ötən mövsümkü çıxışını da dəyərləndirdi:

“Düzdür, beşinci yeri tutduq. Potensialımız daha artığına çatırdı. Buna baxmayaraq, heyətdəki problemlər belə olmasına səbəb oldu. Sözün həqiqi mənasında futbolçu qıtlığı yaşadıq. Ona görə bəzi görüşlərdə istədiyimiz heyətlə meydana çıxa bilmədik. Buna görə beşinci yerə pis demək olmaz. Zaman-zaman çempionluq mübarizəmizi də apardıq. Bəzən liderlər qrupunda qərarlaşmışdıq. Lakin heyət problemləri yuxarıda qalmağımıza imkan vermədi”.

“Karvan” I Liqada mövsümü beşinci sırada bitirib.