Bojoviç: “Yeganə günahkar mən deyiləm”

Azərbaycan Premyer Liqasının XXXVI turu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” (0:1) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– “Sabah” oyuna yaxşı başladı. 30-cu dəqiqəyə qədər topa yaxşı nəzarət etdilər. Bizim də şanslarımız var idi. İkinci hissədə isə biz daha yaxşı oynadıq. Həm onlarda, həm də bizdə şans olurdu. Təəssüf ki, onlar qol vurdu və qalib gəldi.

– Bu gün oyunu analiz etmək artıq gec deyil?

– Nə etməliyəm sizcə? Uğursuz mövsüm keçirdik. Komanda çempionatı 5-ci bitirdi.

– Növbəti mövsüm haqda nə düşünürsünüz? 

– Bu suala indi cavab verə bilmərəm. Gözləmək lazımdır.

– Qarşınıza avrokubok və ikincilik məqsədi qoyulmuşdu. İndi isə 5-ci oldunuz. Klubu bu günə qoyduğunuz üçün utanırsınız?

– Çempionatın ikinci hissəsində 29 xal qazanmışıq. İkinci hissədə xallar qazanmaq çətindir. Uğursuz oldu, bununla razıyıq. Lakin yeganə günahkar mən deyiləm.

– Oyuna başqa taktika ilə başlamadığınız üçün peşmansınız?

– Bir xala oynamırdıq. Bilirdik ki, rəqib əks-hücumlarda təhlükəlidir. Çalışırdıq ki, onlara bu şansı yaratmayaq. Qalib gələ bilərdik. Əvəzetməyə hazırlaşırdıq, amma oyunun sonlarına yaxın hakim buna icazə vermədi.

– Bu uğursuzluqların fonunda özünüzü böyük, yoxsa kiçik məşqçi hesab edirsiniz?

– Boyum 1.96 sm-dir. Kiçik demək istəsəm də, alınmır (gülür).

– Düşünürsünüz ki, komandanı oyuna düzgün kökləməmisiniz?

– Oyunçularım motivasiyalı idi, amma alınmadı.

– Azarkeşlərinizin könlünü necə alacaqsınız və komandadan küsmələrinə səbəb olduğunuzu düşünürsünüz?

– Hazırda nəsə demək mümkün deyil. Gələn mövsüm klub daha yaxşı təşkil olunmalı və layiq olduğu yerə qayıtmalıdır. Azarkeşlərə təşəkkür edirəm. Dəstəklərini hiss edirdik. Futbol oyundur, hər nəticə ola bilər. Düşünməyin ki, nəticəyə biganə yanaşırıq.

Məlik Məlikov