“Neftçi” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü beşinci sırada bitirdi.
Mövsümün əvvəlinə komandanın qarşısına çempionluq, gedişatda isə ikincilik hədəfi qoyulsa da, məqsədlərə çatılmadı. Son turda taleyi öz əlində olan “ağ-qaralar” qələbəni rəqibə hədiyyə edib, avrokuboklardan kənarda qaldı.
Artıq “ağ-qaralar”dan ilk gedənin də adı məlumdur. Bu, monteneqrolu məşqçi Miodraq Bojoviçdir.
Ötən ilin dekabrından iş başında olan mütəxəssis komandanı 22 oyunda meydana çıxarıb. Bojoviç bu matçlarda 9 qələbə qazanıb, 8 dəfə uduzub. 5 görüş isə bərabərliklə başa çatıb. Qolların nisbəti 35-in 24-ədir. Bojoviç “Neftçi”də 32 xal qazanıb.
Qarşısına gümüş medal hədəfi qoyulan komanda nəinki “üçlük”, heç “beşliy”in də öhdəsindən gələ bilmədi, sonuncudan gəldi, yekunda “5” alındı, amma nəyə yarar? Ha 5, ha 6…
“Neftçi” 2023/2024 mövsümünü 56 xalla başa vurub və demək olar, yarısı Bojoviçin dönəmində olub. Buna baxmayaraq, mütəxəssisin komandada işi hiss edilmir. Qələbələr belə fərdi bacarıqlar sayəsində gəlirdi. Marafon bitdi, narazılıq, problemlər, tənqidlər azalmadı. Çempionluq iddiasıyla ilə başlayan “ağ-qaralar” daha bir mövsümdə finişə birinci çata bilmədi.
Gücdən, qalib ruhdan düşən “Neftçi” qısa zamanda toparlanmalı və yeni mövsüm üçün sözdə yox, əməldə iddialı olacaq heyət formalaşdırmalıdır. Düzdür, tək məsələ heyətlə də bitmir. Dəyişməli, dəyişilməli çox şeylər var. Yoxsa ilin əvvəlindən anonsu verilən “yaxşı olacaq” ifadəsi elə bu formada da havada qalacaq.
Kamil Əhməd