Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” oyunundan sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Oyun psixoloji baxımdan çətin idi. Turnir cədvəli psixoloji basqı göstərirdi. İtkilərimiz var idi. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. İkinci hissədə Moreno baxımlı qol vurdu. Ondan sonra daha yaxşı oyun sərgilədik. Layiqli qələbə qazandıq
– Brkiç və Ataa Caber bu gün əsas heyətdə idi. Bu addım nəyə əsaslanırdı?
– Rzanın zədəsi var idi. Ona görə İvan meydana çıxmışdı. Caber isə hər zaman məşqlərdə yaxşı çıxış edirdi. İki dayaq yarımmüdafiəçi ilə başlamaq istəyirdik. Qol buraxmaq istəmirdik. Belə meydanda oynamaq çətindir.
– “Sabah”la oyunda əsas hədəf bir xal olacaq, ya qələbə?
– Azarkeşlərimiz önündə daha yaxşı oynayırıq. Statistika da bunu deyir. Meydana çıxıb qələbə qazanmaq istəyirik. Əksini düşünmürük. İnanıram ki, tribunalarda azarkeşlərin sayı çox olacaq. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm.
– Ağadadaşa əvvəllər daha çox hesabda 3:0 öndə olanda şans verilirdi. Bu gün isə bir qol irəlidə olanda şans verdiniz. Ona güvəniniz artıb?
– Moreno daha yaxşı olmasaydı, Ağadadaş bu gün əsas heyətdə olardı. Ağadadaş özünü yaxşı tərəfdən göstərir və sübut edir ki, oynamağa layiq futbolçudur.
Məlik Məlikov