Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” (5:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi.

– Üzgünəm, hər şeydən öncə azarkeşlərdən üzr istəyirəm. Onlar bizə dəstək oldu, amma biz asan şəkildə məğlub olduq. Asan qollar buraxdıq. Cinahlarda boşluqlarımız var idi. Qırmızı vərəqədən sonra aydın idi ki, çətin olacaq.

– Azarkeşlər komandanı boykot etmişdi, lakin rəhbərlik xahiş etdi, onlar meydanlara qayıtdı. Amma bu gün “Neftçi” sanki meydana çıxmamışdı…

– Hər oyuna qələbə üçün çıxırıq. Rəqib “Qarabağ” idi, lakin biz qələbəyə ümidli idik. “Sumqayıt” və “Sabah”la oyuna baxdıqda bunu görürdük ki, oynamaq olar. Oyundan sonra səhvlərimizə baxıb, nəticə çıxaracağıq.

– Oyun planınız nədən ibarət idi?

– Pressinq edib topu mərkəzdə saxlamaq niyyətində idik. “Sumqayıt”la oyunda da bu belə idi. Düşünürdük ki, bununla nəyəsə nail olmaq olar. Amma sanki “Qarabağ” əvvəlki oyunlarda olduğu kimi deyildi. Bu gün meydanda fərqli komanda görürdük. Erkən qol buraxdıq, ondan sonra çətin oldu.

 

– Əvvəlki komandalarınızla “Neftçi”ni müqayisə etdikdə komanda barədə nə deyə bilərsiniz?

– Məncə bu haqda mətbuata danışmaq olmaz, bunu öz aramızda müzakirə etməliyik. Mübarizə ruhu yüksək olmalıdır. Heyətimizdə keyfiyyətli oyunçular var lakin təktəkət oyunlarda məğlub olur.

– İlk məşqçisiniz ki, 4 oyunda “Qarabağ”dan 17 qol buraxırsınız…

– Hər zaman rekordlar və antirekordlar var. Hesabın fərqi yoxdur, biz məğlub olduq. Bu məğlubiyyətlər reputasiyama mənfi təsir göstərməyəcək. CV-də “Neftçi”nin baş məşqçisi olduğu yazılacaq.

– Qeyd etdiniz ki, “Qarabağ” “Sumqayıt” və “Sabah” fərqli oynadı, bu fərqə səbəb nə idi?

– “Qarabağ” “Sumqayıt”la oyunda yaxşı oynadı, bəxt və hakim məsələsi oyunda müəyyən qədər rol oynadı. “Qarabağ” həmin oyunlardakı kimi oynamadı. Onlar bu gün hücumda daha aktiv idi.

– Avrokuboklara getməyib heyəti yenidən formalaşdırmaq daha yaxşı olmaz? 

– Bu suallar bağlı şərh verə bilmərəm, çünki mənim səlahiyyətimdə deyil.