“Bodo-Qlimt” – “Qarabağ” oyununa doğru: statistika nə deyir?

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda bu gün “Bodo-Qlimt”lə (Norveç) qarşılaşacaq. Matça saat 21:45-də start veriləcək.

Mövsümə yaxşı start verən Norveç təmsilçisi yerli çempionatda yaxşı günlər keçirmir. Komanda son beş liqa oyununda 2 dəfə uduzub, 2 dəfə heç-heçə edib. Komanda çempionatda sonuncu qələbəsini sentyabrın 29-da “Kristansund” ilə görüşdə əldə edib.

Norveç çempionatında 27 turdan sonra 55 xalla lider olan “Bodo-Qlimt” uğursuz nəticələrdən sonra mövqeyini itirmək təhlükəsi ilə üz-üzədir. İkinci pillədəki “Brann” liderlə xallarını bərabərləşdiri. Üçüncü pillədəki “Vikinq”in də yaxınlaşması komandanı müəyyən dərəcədə təzyiq altına salıb.

“Bodo-Qlimt” liqadan fərqli olaraq avrokuboklarda uğurlu çıxış edir. 3 oyunda 2 qələbə qazanan norveçlilər bir matçda isə heç-heçə edib. Komanda bu mövsüm Liqa mərhələsində azarkeşləri önündə bir matç keçirib. Portuqaliyanın nəhəng “Portu”su ilə üz-üzə gələn “Bodo-Qlimt” 10 nəfərlə mübarizə apardığı oyunda 3:2 hesabıyla əzmkar qələbə qazanaraq, asan rəqib olmadığını göstərib.

“Qarabağ”la oyunda rəqibin daha bir üstünlüyü süni örtüklü meydançada oynamasıdır. 8500 nəfərlik tutumu olan “Aspmira” stadionunda “Bodo-Qlimt”in biləyi bükülmür. Komanda çempionatda evində keçirdiyi 13 oyunda 9 qələbə qazanıb, cəmi 1 dəfə uduzub. Bu görüşlərdə 37 qol vuran norveçlilər ortalama demək olar, hər oyuna 3 qol vurur.

“Bodo-Qlimt” – “Qarabağ” oyunu saat 21:45-də start götürəcək.

Kamil Əhməd