Bizdə və onlarda

Avropada qış transfer dönəmi başlayıb. Artıq klublar güclənmək istiqamətində işlərə başlayıb.

Son günlərdə əsas transfer gündəmi iki futbolçu – Abdukodir Xusanov və Xviça Kvaratsxeliya ilə məşğuldur.

20 yaşlı özbəkistanlı müdafiəçinin “Mançester Siti”yə transferi tamamlanmaq üzrədir. Fransanın “Lans” klubunda çıxış edən özbək bu keçidə görə klubuna 40 milyon avro qazandıracaq. O, həm də Premyer Liqada oynayacaq ilk özbək olacaq.

Digər transfer gündəmi isə Xviçanın “Napoli”ni PSJ-yə dəyişməsidir. Paris klubu gürcüstanlı yarımmüdafiəçi Kvaratsxeliya üçün İtaliya təmsilçisinə təxminən 65 milyon avro ödəyəcək. Bu keçidin qısa zamanda tamamlanacağı gözlənilir.

Azərbaycan futbolunda isə gündəm yeni strategiya, limitin ləğvi məsələləridir. Limitin ləğvinin əleyhinə olanların əsas arqumentləri yerli oyunçuların kənarda qalmasıdır. Hazırda tətbiq edilən 7+4 sistemində saysız-hesabsız yerlilərin itib-batdığının şahidi oluruq. Limitin ləğvi məsələni daha çətinləşdirə bilər. Oynamaq istəyənlərin çıxış yolu ya aşağı liqalar, ya Avropada futbolu aşağı səviyyədə olan ölkələrə yollanmaq, ya da futboldan getmək olacaq.

Son illərdə Azərbaycandan çıxıb Avropada nisbətən yaxşı səviyyədə görünən Mahir Emrelidir. Polşada “Legiya”, Xorvatiyada “Dinamo”da çıxış edən hücumçu indi “Nürnberq”dədir. Son oyunlarda qol vura bilmir və baş məşqçi Miroslav Kloze ondan narazıdır. Gedişat yaxşı görünmür. Mahir toparlanmasa, Almaniya macərası qısa çəkə bilər.

Üzdə olan budur. Digər yerlilərimiz Coşqun Diniyev “Bandırmaspor”da orta səviyyədə oynayır, “Boluspor”da olan Vüsal İsgəndərli isə ayda-ildə bir dəfə şans qazana, ya qazanmaya. Onun da Azərbaycana qayıdışı gündəmdədir.

Qonşularımız, futbolu, imkanları bizdən daha aşağı səviyyədə olan ölkələr Avropada transfer gündəmini zəbt etməklə məşğuldur. Biz isə yeni təqdim edilən 70 səhifəlik strategiya haqda düşünürük…

Şahin Cəfərov