Bir qazanan, iki itirən

“Sabah” Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”lə heç-heçəyə razılaşıb.

“ASCO Arena”da baş tutan görüşdə qol səsi eşidilməyib. Ümumiyyətlə, qol epizodlarının az olduğu matçda tərəflərə hərəyə bir xal qazanıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah” 4-cü pillədəki “Turan Tovuz”un qələbə qazandığı turda xal itkisi yaşadı. Vasili Berezutskinin yetirmələri avrokubok zonasından uzaqlaşmaqdadır.

Mövsümün gedişində Krunoslav Renduliçlə yolları ayıran və bu posta Berezutskini gətirən “Sabah”da əsas hədəf çempionatı “dördlük”də bitirmək idi. Lakin gedişat yaxşı görünmür. Komandanın qeyri-stabil çıxışı rusiyalı mütəxəssisin düzgün seçim olub-olmadığı ilə bağlı suallar ortaya çıxarıb.

Qış fasiləsindən sonra məzmunsuz oyun, hücumda dişsizlik komandaya tənqidləri artırıb. Çempionatda imkanlarına görə bir çox klubu üstələyən “bayquşlar”ın oyunu, nəticəsi şəraitlə üst-üstə düşmür. Autsayderlə oyunda itirilən xallar mövsümün sonuna yaxın komandanı çətinə sala bilər. Son 5 oyunda cəmi 1 qələbə qazanan “Sabah” hazırda “Turan Tovuz”dan 7 xal geri qalır.

“Səbail” isə elitada qalmaq yolunda daha bir xal qazandı. “Kəpəz”in də heç-heçə etdiyi turda bir xal “dənizçilər” üçün xüsusi önəm kəsb edir. Gəncə təmsilçisindən 2 xal geri qalan “Səbail” qış fasiləsindən sonra oyun planında yaxşı təsir bağışlayanlardandır. Təsadüfi deyil ki, komanda son 5 matçda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub. Yeganə məğlubiyyəti “Qarabağ”la matçda alan Bayıl klubu autsayder olmasına baxmayaraq, asan rəqib olmadığını göstərir.

“Səbail” növbəti turda “Araz-Naxçıvan”la, “Sabah” isə “Qarabağ”la üz-üzə gələcək.

Şahin Cəfərov