“Bir neçə oyunçumuz əsas komandada oynaya biləcək səviyyədədir”

“Sabah”ın U-14 və U-15 komandası Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edib. U-15-lər dördüncü olubsa, U-14 çempion adına yiyələnib.

U-19 komandası isə Azərbaycan çempionatının qalibi olub. Komanda yeni mövsümdə UEFA Gənclər Liqasında mübarizə aparacaq.

Klubun akademiyasının rəhbəri Adino Mustedanaqiç “FutbolPress“ə açıqlamasında komandaların həm yerli çempionatda, həm də turnirdəki çıxışını dəyərləndirib:

“Yaxşı futbol oynadıq. Nəticələr də bunu göstərir. Yerli çempionatda qızıl medalları qazanmağımız təsadüfi deyil. Xüsusilə, çempionatda intensiv və maraqlı oyunlar çox oldu. Mövsümün əvvəlindəki və indiki komandaya baxanda çox inkişaf etdiyimizi düşünürəm”.

Akademiya rəhbəri komandanın Gənclər Liqasına hazır olacağını bildirdi:

“Komandamız böyüməkdədir. Qarşıda 3-4 ayımız var. Təəssüf ki, futbolçuların beynəlxalq təcrübəsi yoxdur, amma inanıram ki, cəsarətimiz və əzmimiz keyfiyyətimizi artıracaq, oyunlara hazır olacağıq”.

Adino U-19-un heyətində bir neçə futbolçunun əsas komanda potensialında olduğunu qeyd etdi:

“Ad çəkmək istəmirəm, amma bir neçə oyunçumuz əsas komandada oynaya biləcək səviyyədədir. Lakin yüksək səviyyədə oynamaq başqa şeydir. Bir sıra futbolçularla bağlı nikbin fikirlərim var. Onlar çox çalışmalıdır və inanıram, yekunda zəhmətlərinin qarşılığını görəcəklər. Məşqçi kimi təcrübəm var və təəssüf ki, Azərbaycanda uşaqlar əsas komandada olmağa tələsir. Əsas heyətə düşməyəndə isə ümumiyyətlə, tez məyus olurlar. Bunları aradan qaldırmalı, üzərlərində çox çalışmalıdırlar. Akademiyada işlərimiz müsbət istiqamətdə davam edir və nəticələr gəlir”.

Şahin Cəfərov