Bir mövsümə iki əcnəbi – bu dəfə kim olacaq? (ARAŞDIRMA)

“Neftçi” daha bir mövsümü uğursuz keçirir. “Ağ-qaralar” Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və turnir cədvəlində 5 xalla 9-cu sırada qərarlaşıb.

Bir neçə ildir, “qara zolaq”dan çıxa bilməyən paytaxt təmsilçisində baş məşqçi Roman Qriqorçukla yollar ayrılıb. Ukraynalı mütəxəssis son 2 ildə “Neftçi”dən göndərilən 4-cü əcnəbi məşqçidir.

“Neftçi” sonuncu dəfə Premyer Liqada 2021/21 mövsümündə Samir Abasovun rəhbərlik etdiyi dövrə çempion olub. 2022-ci ilin yayında mütəxəssisin göndərilməsindən sonra klub uğursuz zolaqdan çıxa bilmir.

Abasovdan sonra “ağ-qaralar”a sıra ilə Laurentsiu Regekampf, Adrian Mutu, Miodraq Bojoviç və Roman Qriqorçuk rəhbərlik edib. Demək olar, bir mövsümə iki əcnəbi dəyişən “Neftçi”də işlər düzəlmir.

Son 4 əcnəbi məşqçinin “Neftçi” karyerası:

Regekampf: 45 oyun, 24 qələbə, 13 məğlubiyyət
Mutu: 23 oyun, 10 qələbə, 8 məğlubiyyət
Bojoviç: 22 oyun, 9 qələbə, 8 məğlubiyyət
Qriqorçuk: 9 oyun, 5 heç-heçə, 4 məğlubiyyət.

Hazırda baş məşqçi axtarışlarını davam etdirən “ağ-qaralar”da posta yerli məşqçinin təyin edilməsi ehtimalı daha yüksəkdir. Əsas namizəd isə “Sumqayıt”ı çalışdıran Samir Abasov və Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovdur. Abasov daha əvvəl açıqlamalarında “Neftçi”yə keçmək ehtimalının olmadığını bildirsə də, futbol sürprizlərlə doludur. Qeyd etmək yerinə düşər ki, Abasov flaqmana son çempionluğu yaşadan məşqçidir.

Arif Əsədov isə son olaraq Azərbaycan millisində köməkçi məşqçi vəzifəsini icra edib. O, hazırda UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirir. Buna baxmayaraq, mütəxəssis açıqlamalarında “Neftçi”yə “yaşıl işıq” yandırıb. Əsədov daha əvvəl 2010/11 və 2014/15 mövsümündə “ağ-qaralar”da işləyib. Mütəxəssis 2020-ci ildən isə Azərbaycan yığmasında məşqçilik edib.

Kamil Əhməd