Beynəlxalq federasiya azərbaycanlı idmançıya olimpiada lisenziyası verdi

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Parisdə keçiriləcək yay olimpiya oyunlarında iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, Beynəlxalq Qılıncoynatma Federasiyası Azərbaycana qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında Paris-2024-də iştirak hüququ verən universal lisenziya göndərib.

Lisenziya olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.

Bu Azərbaycanın təmsil olunacağı ardıcıl 4-cü, ümumilikdə isə 5-ci olimpiada olacaq. Daha öncə Yelena Jemayeva, Səbinə kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.