Berezutski seçimi də yanlışdır?

“Sabah” Premyer Liqada qeyri-stabil nəticələrə davam edir. “Bayquşlar” son olaraq Bayılda “Səbail”lə heç-heçə edib – 0:0.

Mövsümün birinci dövrəsində də eniş yaşayan və baş məşqçi Krunoslav Renduliçi istefaya göndərən “bayquşlar”ın rəhbərliyi çıxış yolunu rusiyalı Vasili Berezutskidə gördü. Çində Leonid Slutskun köməkçisi olan Vasili gələn təklifi qəbul edib, baş məşqçi kimi ilk təcrübəsinə başladı.

Mütəxəssisin rəhbərliyi altında ilk oyunlarda müsbət nəticələr qazanan “Sabah” yenidən xal itkilərini sıralayır. Son 5 oyunda 1 qələbə qazanan “bayquşlar” 4-cü pillədəki “Turan Tovuz”dan 7 xal geri qalır.

Komanda Berezutskinin rəhbərliyi altında Premyer Liqada 9 oyuna çıxıb. “Futuristlər” bu görüşlərdə 3 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub. Mütəxəssisin APL-də qazandığı xallar 13-dür. Nəticələr bir yana, Berezutskinin komandadakı işi də görünmür. Nə oynadığı dəqiq bəlli olmayan “bayquşlar”ın bu gedişlə çempionat yolu ilə avrokuboklara getmək şansı çətinə düşəcək. Kubokda da “Sumqayıt”la birinci matçda heç-heçə edən komandanın cavab görüşündə müsbət nəticə qazanması sual altındadır.

Kuboka vida və xal fərqinin daha artması Berezutskinin vidasına səbəb ola bilər.

Şahin Cəfərov