“Turan Tovuz” Premyer Liqanın V turunda “Səbail”i məğlub edib – 1:0.
Kurban Berdıyevin yetirmələri 5 turdan sonra 13 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. 1 heç-heçə və ardıcıl 4 qələbə qazanan tovuzlular milli komandaların oyunlarına görə yaranacaq fasiləyə lider kimi yollanıb.
İkinci sırada yer alan “Sabah” bu gün “Kəpəz”i məğlub etsə belə, mövqeyini dəyişməyəcək. “Futuristlər”in aktivində 7 xal var.
“Turan Tovuz”da ötən mövsümün yekunundan sonra baş məşqçi Ayxan Abbasovun gözlənilməz ayrılığı müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdu. “Huner Group”un sponsorluq etdiyi bölgə təmsilçisində artıq gələcəyə ümidlə baxan az sayda adam var idi. Baş məşqçi təyinatının reallaşmadığı müddətdə klubun gələcək taleyi sual altına düşmüş, demək olar, bir çox insan “Turan Tovuz”un elitada qalmaq üçün mübarizə aparacağını iddia edirdi.
Lakin Kurban Berdıyevin gəlişi bütün fikirlərin üstündən xətt çəkdi. Ötənilki heyəti qoruyan, əlavə bir neçə transferlə komandasını quran Berdıyev çempionatda adından söz etdirməkdədir. Maraqlı məqamlardan biri də odur ki, “Turan Tovuz” 5 turdan sonra qol buraxmayan yeganə komandadır. Berdıyev hər zaman müdafiə futbolu ilə seçilən biri olub. Mütəxəssis Tovuz klubunda da sistemini qurub və mexanizm yaxşı işləməkdədir.
Qarşıda iki həftəlik fasilə var. “Turan Tovuz”un yaxşı forma yığdığı müddətdə yaranan pauzanın komandaya hansı formada təsir edəcəyi məlum deyil. Hər bir halda, “Turan Tovuz” beş turda sərgilədiyi oyunla öz üslubunun olduğunu və hansısa komanda üçün asan rəqib olmayacağını göstərdi. Liderliyin nə qədər davam edəcəyi sual altındadır, ancaq bu komandanın avrokuboklara əsas namizədlərdən olacağını demək olar.