“Qarabağ” Premyer Liqada 2024/25 mövsümündə ilk məğlubiyyətini yaşayıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma arenasında “Turan Tovuz”a uduzub – 0:1.
Görüşdən öncə baş məşqçilər – Qurban Qurbanov və Kurban Berdıyevin dueli maraqla gözlənilirdi. Böyük təcrübəsi olan Berdıyevin komandası bu mövsümün ən yaxşı komandalarından hesab edilə bilər. 4 turdan sonra 10 xalla lider olan tovuzlular həm də qol buraxmamaqla adından müsbət yöndə söz etdirir.
“Turan Tovuz”da ən diqqətçəkən məqam isə komandanın intizamı, müdafiədə kompakt və səliqəli oynamasıdır. “Qarabağ” kimi böyük təcrübəsi olan və illərdir Azərbaycan futbolunda dominantlıq edən komandaya qarşı demək olar, 100 faizlik qol imkanları vermədilər. Əvəzində əks-hücumlarda bir neçə dəfə real qol şansı yaxalamağı bacardılar. Tovuz təmsilçisinin forvardı Otto Con xüsusilə son dəqiqələrdə təkbətək epizodları boşa xərclədi.
“Qarabağ”ın diqqəti Çempionlar Liqasınınn pley-off mərhələsinin “Dinamo” ilə cavab oyunundadır. Komandanın oyununda, Qurbanovun heyət seçimində bunu görmək olardı. Mütəxəssis görüşdən sonra da bunu dilə gətirdi. Hər bir halda, “Turan Tovuz”un qələbəsi layiqli oldu və tovuzlular döyüşərək, üç xalı aktivlərinə yazdıra bildilər. Qurbanov ilə Berdıyevin çempionatdakı ilk duelindən türkmən mütəxəssis qalib ayrıldı. “Turan Tovuz” həm də nəticələri ilə bu mövsüm Premyer Liqaya rəng qatacağını göstərməkdədir.
Dünən baş tutan digər görüşdə isə “Araz-Naxçıvan” ilə “Neftçi” Mərdəkandakı “Liv Bona Dea Arena”da xalları böldü. “Araz-Naxçıvan” ümumi oyun planında daha nizamlı oynamağı bacardı. 90-cı dəqiqəyə qədər də hesabda üstün olan naxçıvanlılar son dəqiqələrdə “feyr-pley” cəhdinin qurbanı oldu. Qapıçı Kristian Avram rəqib oyunçu Kilan Lebonda ciddi narahatlıq olmadığı halda, topu çölə vuraraq, vaxt qazanmağa çalışdı. Buna baxmayaraq, “Neftçi” topu oyuna daxil edib, rəqibə qaytarmadı və əvəzində etdiyi hücumla hesaba tarazlıq gətirdi. Hər bir halda, feyr-pley qarşılıqsız qalmamalı idi. Buna baxmayaraq, əsas olan nəticədir və “Neftçi” son dəqiqə qolu ilə məğlubiyyətdən xilas ola bildi.
Roman Qriqorçukun komandası artıq 4 turdur, qələbəy həsrət qalıb. Komandada hücum fazasında ciddi çatışmazlıqlar var. Cərimə meydançasına daxil olmaqda çətinlik yaşayan “ağ-qaralar” əsas cinahlardan hücum təşkil etməklə qol axtarışında olsa da, çox cəhdlər alınmırdı. “Neftçi” adına, tarixinə yaraşmayan nəticələri sıralamaqda davam etməkdədir.
Şahin Cəfərov