Berdıyev Tovuza gəlməyə necə razılaşıb?

Kurban Berdıyevin “Turan Tovuz”un baş məşqçisi təyin olunması böyük ajiotajla qarşılandı. Klub rəhbərliyinin “islahatçı” imici Ayxan Abbasovun ani gedişiylə sual altına düşməkdəykən Berdıyevin təyinatı neqativ ab-havanı dağıtdı.

Bəs bu necə baş verdi?

Bilirik ki, Berdiyev dünya səviyyəli mütəxəssisdir, xüsusən Kazan “Rubin”i ilə nəticələri onun məşhurlaşmasına səbəb olmuşdu.

Berdıyevin adı vaxtaşırı Azərbaycan millisi ilə də hallanıb və məlumatlara görə, onunla razılaşma əldə olunmayıb. Bir sözlə, futbola yaxın olanlar bilər ki, adıçəkilən məşqçi ilə razılıq əldə etmək heç də asan məsələ deyil. Həm də Tovuz təmsilçisi kimi – infrastrukturu zəif, ucqar bölgə, məhdud büdcə və s.

Sadalanan və s. meyarları nəzərə alsaq, türkmən futbol bilicisinin Tovuzda işləməyə razılıq verməsinin klub rəhbərliyini aşan məsələ olduğunu düşünə bilərik.

Futbolpress.az məsələ ətrafında araşdırma apardı.

Məlumatlı mənbələrdən öyrənmişik ki, Berdıyevi bölgə təmsilçimizdə işləməyə razılaşdırmaq üçün Rusiyada yaşayan nüfuzlu azərbaycanlı İlham Rəhimov köməklik göstərib. Daha doğrusu, “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyev şəxsi münasibətlərindən istifadə edərək bu məsələdə “Putin İlham” ləqəbi ilə tanınan əslən tovuzlu olan həmyerlimizdən dəstək alıb.

Bundan başqa, Rəhimovun eyni zamanda tanınmış bir legionerin transferində də kluba dəstək verəcəyi bildirilir.

Böyük ehtimalla, “Turan Tovuz” bundan sonra daha güclü heyətlə iddiaları yüksək kluba çevriləcək.

Berdıyev son iyirmi beş ildə yalnız “Rubin”də uzun müddət işləyib, bundan başqa “Rostov”da bir ildən artıq davam edib. Çalışdırdığı son 4 klubun isə heç birində bir ildən artıq qalmayıb…

O, İranın “Traktor” klubundan sonra növbəti millətçi/türkçü ideologiyada rəmzlənən “Turan Tovuz”da işləyəcək…

Ani dəyişikliklə təəccübləndirən “Turan Tovuz”un yeni strateji xətti maraqlı görünür. Ardını izləyək…

Kamil Əhməd