Berdıyev Qurbanova qarşı

“Qarabağ” bu gün Premyer Liqanın IV turunda “Turan Tovuz”u qəbul edəcək. “Azersun Arena”da baş tutacaq oyuna saat 18:15-də start veriləcək.

Son çempion bu mövsüm keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub. “Atlılar” “Kəpəz”i 3:0, “Araz-Naxçıvan”ı 4:1 hesabıyla məğlub edib. Qurban Qurbanovun komandasının ehtiyatda daha bir oyunu var. Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ” III turun “Şamaxı” ilə oyununu “Dinamo” (Zaqreb) ilə matça yaxşı hazırlaşmaq səbəbindən təxriə salınmasını istəmişdi.

Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” isə bu mövsüm qol buraxmayan yeganə kollektivdir. Tovuz təmsilçisi 3 oyunda 4 qol vurub və 7 xal qazanıb. Məğlubiyyətsiz yoluna davam edən Berdıyevin yetirmələri müdafiə planında inamlı çıxış edir, sürətli əks-hücumlarla qol axtarışında olur. Bu, bu mövsümün “Turan Tovuz”unun əsas oyun sistemidir. Lakin Berdıyev və komandasının “Qarabağ” sınağı komandanın demək olar, real gücündən xəbər verəcək.

Görüşün favoriti “Qarabağ”dır, buna baxmayaraq, “Turan Tovuz”un xal qazanması sürpriz olmayacaq. “Atlılar”ın avqustun 28-də Çempionlar Liqasında “Dinamo”ya qarşı pley-off mərhələsinin cavab oyunu var və Qurban Qurbanovun heyətdə dəyişikliklər edəcəyi gözlənilir. Hər bir halda, “Qarabağ”da elə komanda qurulub ki, ikinci heyət belə çempionatda inamlı nəticələr qazanmağı bacarır.

Şahin Cəfərov