Berdıyev: “İkinci hissədən razı qalmadım”

Azərbaycan Premyer Liqasının V turunun “Turan Tovuz” – “Səbail” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyuna pis başladıq. İlk 15 dəqiqədə üstünlüyü rəqibə verdik və bütün mövqelərdə onlara uduzduq. Fasiləyə yaxın oyunu bərabərləşdirdik, qol vurduq və daha çoxunu vurmaq şansı yaxaladıq. İkinci hissədən isə ümumiyyətlə, razı qalmadım. Nə müdafiədən, nə hücumdan. Bunu təhlil edib, səbəbi tapacağıq.

– Fərid Yusifli kobud səhvə yol verdi. Premyer Liqada oynayan futbolçu belə səhvlər edə bilər?
– Narazılığım Fəridə yox, Şəhriyar Əliyevə idi. Şəhriyar epizodda gecikmişdi və ötürmə verməli deyildi. Fərid isə daha rahat oynamalı idi.

– “Turan Tovuz”un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədir?
– İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənc komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub.

– Nəticə, yoxsa baxımlı futbol? “Turan Tovuz”un baxımlı futbol oynadığını düşünürsüz?
– İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki, azarkeşlər bundan zövq alırlar.

– Bura gələndə inanırdız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsız?
– Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulara təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur.

– Milli fasilə komandanı tempdən sala bilər?
– Yox. İstənilən halda fasilə lazımdır. Bu bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək.

– Transfer gözlənilir?
– Hələ ki, dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.

Şahin Cəfərov