Azərbaycan Premyer Liqasının XVI turunun “Turan Tovuz” – “Şamaxı” oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– İki fərqli hissə oldu. İlk hissədə akademik oyun nümayiş etdirdik. Sanki həvəs az idi. İkinci hissədə isə bunun əksi oldu. Uşaqlara görə sevinirəm ki, xarakter göstərdilər.
– Komanda qələbə qazansa da, son oyunlarda oyun baxımından çatışmazlıqlar var. Azarkeş olsanız, oyundan zövq alarsınız?
– İlk hissədən yox. Amma ümumilikdə yaxşı təsir bağışladığmız anlar oldu. Bəzi anlarda da yaxşı deyildik.
– İranlı müdafiəçi Araş Qaderini bundan sonra da hücumda oynatmaq fikriniz var?
– Sistematik şəkildə istəməzdim. Araşı tanıyıram, bilirəm ki, təzyiq altında oynamağı bacarır. Ümumilikdə istəməzdim hücumda oynasın. Yavaş-yavaş formasına gəlir.
– “Şamaxı”nın ikinci qolundan əvvəl qayda pozuntusu gözlədiz, sizin də ləğv olunan qolunuz oldu. Bu epizodları necə şərh edərdiniz?
– Hamı səhv edir, məşqçilər, oyunçular və hakimlər də. Əsas odur ki, səhvlər bilərəkdən olmasın. Allah hər şeyi görür.
– Ötən turdan sonra gənclər haqda müsbət fikirlər səsləndirmişdiniz… Bu gün də ikinci hissədə meydana buraxdınız.
– Situasiya Fəridlə də bağlıdır. Onunla yanaşı, Tural da yaxşı məşq edir. Araşı meydana buraxmazdan əvvəl Turalı daxil etməyi düşünürdüm. Lakin situasiya fərqli oldu. Elə bir vəziyyətdir ki, şans oyunçuya gəlib çatmalıdır.
– Düşünmürsünüz ki, bunlar futbolçuya psixoloji təsir edə bilər?
– Komandamız mübarizəyə davamlıdır. Təəssüf ki, Azərbaycanda belə tendensiya var ki, oynamayan futbolçu əlini salır yanına. Uşaqlarla söhbət edir və çalışırıq ki, onları hazır edək. Məşqçi üçün belə anlar çətindir.
– Heyətlə bağlı problemlər var. “Zirə” ilə matçda Fərid və Xəyal oynaya biləcək?
– Fərid normaldır. Xəyalın da oynaması gözlənilir.
– Qələbəni Denis Marandiçiyə həsr edirsiniz?
– Bəli, uşaqlar daim onunla əlaqədədir. Şükürlər olsun, əməliyyat yaxşı keçib.
– Qış fasiləsi ilə bağlı planlar varmı? Ölkə xaricinə yollanacaqsınız, ya burda qalacaqsınız?
– Fasilənin müddəti ilə bağlı qərarı federasiya verir. Vaxt müəyyən qədər azdır, futbolçular istirahət etməli, özlərinə gəlməlidir. Hazırlığı yanvarın 4-13-də Türkiyədə düşünürük.
– Rəqib baş məşqçi qələbədə azarkeşlərin rolu olduğunu dedi…
– Ən yaxşı azarkeşlər bizdədir. Onlar hər yerdə bizimlə olurlar. Bəzən səfər matçlarına daha çox azarkeş gəlir.
Şahin Cəfərov