Berdıyev: “Bu səhvlərin üzərində işləməliyik”

Azərbaycan Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Ümumi olaraq, oyundan çox məmnun qaldım. Yaxşı və pis məqamlar var idi. Buna görə hələ çox işləməli, çalışmalıyıq. Buna baxmayaraq, uşaqlara görə sevinirəm, onları təbrik edirəm.

– Tural Bayramlı üç oyundur, eyni vaxtlarda əvəzlənir. Fiziki çatdırmır, yoxsa əvəzləmə planınız belədir?

– Fiziki cəhətdən hazırdır. Digər oyunçulara da şans vermək üçün belə addım atırıq.

– Bu oyun “Qərb derbisi” hesab edilir. Bunu hiss etdiniz?

– Bəli. Azarkeşlərdən də bunu hiss etmək olurdu.

– Oyunda nədən narazı qaldınız?

– Hər şeydən əvvəl psixoloji baxımdan narazı qaldım. Hesab 2:0 olandan sonra futbolçular rahat oynamağa başladılar. Buna görə deyirəm ki, üzərində işləməli olduğumuz məqamlar var.

– 3 turdan sonra lidersiz. Bu, komandaya əlavə güc və motivasiya verə bilər?

– Belə olacağını düşünmürəm. Müzakirələr zamanı futbolçulara səhvlərini göstəririk. Bu səhvlərin üzərində işləməliyik.

– Otto Con iki oyundur, qol vurmaqda çətinlik çəkir. Komandaya yeni hücumçu cəlb olunacaq?

– Xeyr. Bizdə Aleks Souza var. Otto Cona gələndə, bəzi məqamlarda problemlər var. Ötən mövsüm 10 qol vurub. Biz ona yenə inanırıq. Realizasiya məsələsində bir az axsayır. Bu, daha çox mənim üzərimə düşən işdir. Aradan qaldırmağa çalışacağıq.

Şahin Cəfərov