Berdıyev: “Asan qol buraxmağımız üzücüdür”

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” (1:1) matçından sonra meydan sahibi komandanın çalışdırıcısı Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Ümumilikdə götürsək, 2 xal itirdiyimizə görə üzülürük. Amma 10 nəfərlə belə nəticə qazandığımız üçün yaxşı nəticədir. Lakin asan epizodda qol buraxmağımız da üzücüdür.

– Baş məşqçi karyeranızda heç olubmu ki, bu qədər müdafiəçiniz zədəli və ya cəzalı olsun?

– Xeyr, ilk dəfədir.

– Komandanı aytsayderlərə qarşı oyuna kökləməkdə nə mane olur?

– İki fərqli oyun oldu. Həm “Kəpəz”, həm də “Səbail”ə qarşı. Həmçinin bu matçda 10 nəfərlə oynadıq.

– 10 nəfərlə qalmağınıza səbəb nə oldu?

– Oyunçularıma xəbərdarlıq etmişdim ki, belə məqamlarda risk almaq lazım deyil. Amma oyunçum orada risk aldı və cəzalandırıldı.

– Emmanuel Hakmanın zədəsi nə dərcədə ciddidir?

– Onun belində zədə var, nə vaxt qayıdacağını bilmirik. Amma digər oyunçular növbəti turda bizə qoşulacaq.

Mirkamal Kazım