“Belə yarışların sayının artması qızların inkişafında böyük rol oynayacaq”

Azərbaycanın 15 yaşadək qızlardan ibarət yığması UEFA İnkişaf Turnirində iştirak edib. Komanda Rusiyaya 0:9, Özbəkistana 1:2 və Belarusa 1:8 hesabıyla uduzub.

Yığmanın baş məşqçisi Gülənbər Qasımova “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:

“Nəticələr ürəkaçan olmasa da, uşaqlarçün bu oyunlar böyük təcrübə idi. Rəqiblərimiz zəif deyildi. Düzdür, Özbəkistanı məğlub etmək şansımız var idi, amma təcrübəsizliyə görə məğlub olduq. Nəzərə almaq lazımdır ki, qızlarımız ilk dəfə belə bir rəsmi turnirdə bu cür komandalara qarşı oynadı”.

Mütəxəssis U-15-in beynəlxalq turnirdə iştirakının faydalarından söz açdı:

“Belə turnirlərin keçirilməsi, bizim U-15 komandamızın orada yer alması və güclü rəqiblərlə 90 dəqiqə mübarizə aparması böyük təcrübə qazandıracaq. Belə yarışların sayının artması qızların inkişafında böyük rol oynayacaq. Qızlarımız uşaqdırlar və futbolda qalib gəlmək də olur, məğlubiyyət də. Onlara dəstək olmaq lazımdır”.

Şahin Cəfərov